Braziliya çempionluq yolunda
25 İyun 2010 Cümə 21:55
5 qat Dünya çempionu Braziliya növbəti mərhələyə keçdi.
Futbol üzrə Dünya çempionatında “G” qrupunun 1/8 finalçıları da müəyyənləşib. Braziliyadan və Portuqaliya yığmaları kubok uğrunda mübarizəni davam etdirəcək. Mundialla vidalaşanlar isə Fil Dişi Sahili və Koreya Xalq Demokratik Respublikasının komandalarıdır.
Portuqaliya və Braziliya seçmələrinin görüşündə ilk təhlükəli vəziyyət Avropa təmsilçisinin qapısı ağzında yaranıb. 7-ci dəqiqədə Dani Alveşin zərbəsində dəqiqlik çatmayıb. 18-ci dəqiqədə isə Tyaqu “sambaçı”lara həyəcanlı anlar yaşadıb. Amma bu dəfə də qeyri dəqiqlik futbolçunun fərqlənməsinə mane olub. Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçib.
Baxmayaraq ki, qarşılaşmada hesabı açmaq mümkün olmayıb və görüş 0-0 hesabı ilə yekunlaşıb. Bu nəticə hər iki komandanın 1/8 finala adlaması demək olub.
Bu qrupun digər matçında Koreya Xalq Demokratik Respublikasının seçməsi Fil Dişi Sahilinə uduzub. Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. Yaya Ture doğma azarkeşləri ayağa qaldırıb. Bundan 7 dəqiqə sonra Romarik fərqi ikiyə çatdırıb. İkinci hissədə də hücumlarını davam etdirmiş Fil Dişi Sahili millisi 83-cü dəqiqədə 3-cü qolu vurub. Salomon Kalu adını tabloya yazdırıb. Bundan sonra matçda başqa qol olmayıb və Fil Dişi Sahili millisi mundialdan qələbə ilə ayrılıb.
Günə “H” qrupunun oyunları ilə yekun vurulacaq. İspaniya qrupun son matçında Çili seçməsinin rəqibi olacaq. Bu görüşdə ispanları yalnız qələbə qane edir. Qrupun digər qarşılaşmasında isə İsvçerə yığması Hondurası sınağa çəkəcək. Bu qrupun matçlarının start fiti saat 23:30-da səslənəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: