Bakıda keçirilən “Böyük İpək yolu” beynəlxalq boks turniri davam edir. Sayca 2-ci dəfə keçirilən turnirdə 8 ölkədən 100-ə qədər boksçu qalib adı uğrunda mübarizə aparır. Yarışların iki günündən sonra iki boksçumuz adını ən güclü səkkizliyə yazdırıb. Bunlar 54 kq çəkidə döyüşən Samir Məmmədov və 64 kq çəki dərəcəsində mübarizə aparan Sadiq Eynullayevdir. Samir ikinci yarış günü rusiyalı həmkarı Maqomed Abdulhamidovu məğlub edib. Sadiq Eynullayev isə iranlı Mostafa Salehi və rus Vişan Musabekova qalib gələrək, Böyük İpək yolu turnirinin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan və Rusiya yarışda 3 komanda ilə təmsil olunub. Boksçularımız qalib adı uğrunda rusiyalı, türkiyəli və qazaxıstanlı həmkarları ilə başa-baş mübarizə aparmalı olacaqlar. Məhz bu ölkələr Bakıya qələbəyə iddialı heyətlə təşrif gətiriblər. Bundan başqa, rinqdə Gürcüstan, Belarus, İran və Misir boksçuları da mübarizə aparırlar. Bu günkü döyüşlərdən sonra yarımfinalda mübarizəni davam etdirəcək 44 boksçunun kimliyinə aydınlıq gələcək. Sabah hər çəkinin qalibini müəyyən edəcək 22 əlcək sahibi müəyyənləşəcək. Aprelin 1-də isə Böyük İpək yolu beynəlxalq boks turnirinin qalibləri məlum olacaq. /ANS TV/