“Borussiya” futbolçuları möcüzəyə inanır
20 Avqust 2010 Cümə 11:00
Alman klubu Borussiyanın üzvləri “Qarabağ”la cavab qarşılaşması barədə danışıblar.
“Bizim komanda bu gün Avropa Liqasının qrup mərhələsinə düşmək üçün yaxşı zəmin yaratdı. Cavab oyununda “Qarabağ” erkən qol vurmağa çalışacaq. “Qarabağ”ın təzyiqlərinə davam gətirmək lazımdır”. Bu sözləri dünən Avroliqanın play-off mərhələsi çərçivəsində keçirilən “Borussiya”-“Qarabağ” matçından sonra (4:0) klubun rəsmi saytına müsahibəsində almanların türk futbolçusu Nuri Şahin bildirib.
O, komandasının qrup mərhələsinə düşəcəyini düşündüyünü söyləyib.
Komandanın digər futbolçusu Sebastian Kel komanda yoldaşlarını arxayın olmamağa səsləyib: “Biz oyuna sürətli başladıq və əlimizə düşən imkanlardan maksimum yararlandıq. “Qarabağ”ın futbolçuları belə auditoriyada oynadıqları üçün özlərini bir qədər itirmişdilər. Ancaq 4:0 hesabı bizi arxayın etməməlidir. Futbolda çoxlu möcüzələr olur. Biz imkan verməməliyik ki, “Qarabağ” Bakıda möcüzə yaratsın”.
Dünən keçirilən matçda komandasının 2 qoluna imza atan Sinji Kaqava ilk hissədə başladıqları sürətli tempi ikinci hissədə davam etdirə bilməməklərindən gileylənib.
“Oyuna sürətli başladıq və 4:0-lıq bir üstünlük əldə etdik. Ancaq ikinci hissədə tempi saxlaya bilmədik. Bu amil “Qarabağ”la cavab qarşılaşması ərəfəsində düşünməyə əsas verir”.
“Etiraf etmək lazımdır ki, ilk oyunda əldə etdiyimiz 4:0 üstünlük əhəmiyyətlidir. Ancaq bununla belə hələ də, rəqibə yuxarıdan aşağı baxmaq olmaz”. Bu sözləri isə kollektivin digər üzvü Sven Bender ifadə edib.
Onun həmkarı Kuba komandalarının sərgilədiyi oyundan razı qaldığını bildirib: "İndi Bakıdakı cavab oyunu barədə fikirləşmək lazımdır. “Qarabağ” bu gün yaxşı oynadı. Ümid edirəm ki, qrup mərhələsinə yüksəlmək şansını əldən verməyəcəyik”.
Xatırladaq ki, “Qarabağ” və “Borussiya” klubları arasında cavab qarşılaşması avqustun 26-sı keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: