Boksçumuz dünya çempionu oldu
04 Oktyabr 2009 Bazar 20:55
Bu gün Azərbaycan peşəkar boksçusu Azad Əzizov Bakıda İBO versiyası üzə 63,5 kq. çəki dərəcəsində dünya kəməri uğrunda döyüşə çıxıb.
Boksçumuzun rəqibi tanzaniyalı Çarlz Damas olub. Azad döyüşü qələbə ilə başa vuraraq, qızıl kəmərə sahib çıxmağı bacarıb.
Kəmərin sahibi 12 raunddan ibarət gərgin döyüşdən sonra məlum olub. Döyüşün nəticəsini hesablayan hakimlərin yekdil qərarı isə 115:113, 120:108 və 115:113 hesabı ilə Əzizovun xeyrinə olub.
Qeyd edək ki, tanzaniyalı idmançı gənclər arasında İBO versiyası üzrə dünya çempionudur.
Xatırladaq ki, peşəkar boks gecəsi çərçivəsində 4 raunddan ibarət reytinq döyüşləri də keçirilib.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov və Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Zahid Əliyev çıxış edərək, ölkəmizdə idmanın inkişafından danışıblar.
Reytinq döyüşlərində 69 kq. çəki dərəcəsində Əli Məmmədov (Azərbaycan) İrakli Nodiaya (Gürcüstan), Vüsal Əliyev (Azərbaycan) David Tlaşadzeyə (Gürcüstan), Fərid Məhərrəmov (Azərbaycan) isə İlia Çkadvaya (Gürcüstan) qalib gəlib.
Qeyd edək ki, gecədə iştirak edən bütün azərbaycanlı boksçular Almaniyanın Maqderburq şəhərində yerləşən LBN peşəkar boks klubunun üzvləridir.
Yarış Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Azərbaycan Peşəkar Boks Federasiyasının təşkilatçılığı ilə keçirilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: