Boksçularımız Mayamiyə yollanırlar
28 Aprel 2011 Cümə Axşamı 10:19
Soltan Migitinov və Məhəmmədrəsul Məcidov lisenziya döyüşlərinə hazırlaşır
Boksçularımız ABŞ-ın Mayami şəhərində təlim-məşq toplanışında iştirak edəcəklər. Azərbaycan Boks Federasiyasının mətbuat xidməindən ANS PRESS-ə verilən məlumata görə, 2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya verəcək döyüşlərdə iştirak edəcək Azərbaycan boksçuları – Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) ABŞ-ın Mayami şəhərində hazırlıq keçəcəklər.

Hər iki idmançı WSB liqasının fərdi reytinq cədvəlində ilk yerləri tutduqlarından Olimpiadaya vəsiqə uğrunda görüşdə iştirak etmək hüququ qazanıblar. Azərbaycan Boks Federasiyası Çinin Quanyanq şəhərində keçiriləcək döyüşlərin peşəkar qaydalara uyğun olacağını və qarşılaşmanın 7 raund davam edəcəyini nəzərə alaraq, yığmanın üzvlərini Mayamiyə göndərməyi məqsədəuyğun sayıb. Həmin şəhərdə peşəkar boksçuların əsas hazırlıq mərkəzlərindən biri yerləşir.

Orada Amerikanın ən tanınmış boks mütəxəssisləri idmançılarımıza hazırlıq keçəcəklər. Migitinov və Məcidovla birgə, “Baku Fires” klubunun baş məşqçisi Həmzət Ağayev də ABŞ-a yollanacaq. Qeyd edək ki, boksçularımız WSB liqasında mövsüm başlamamışdan öncə də bu şəhərdə toplanış keçmişdilər. Migitinov lisenziya uğrunda mayın 27-də ukraynalı Segey Derevyançenko, Məcidov isə ertəsi gün italiyalı Klemente Russo ilə döyüşəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar