Samarada boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Rusiyanın Samara şəhərində boks üzrə dünya çempionu, 3 qat Avropa çempionu Vasili Şışovun şərəfinə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, turnirdə Rusiya, Azərbaycan, Çin, Özbəkistan, Qazaxıstan, Belarus və Ermənistan idmançıları çıxış edib.
Yarışda ölkəmizi məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qəzəl Əlcək” idman klubunun üzvləri – Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov (69 kq) və Araz İmaməliyev (49 kq) təmsil edib.
Komandamız vətənə 3 qızıl və 1 bürünc medalla dönüb. Şahpələngov, Bayramov və İmaməliyev bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Süleymanov bürünc medalla kifayətlənib. Medalların sayına görə komandamız Rusiyadan sonra 2-ci yeri tutub.
Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edib.