Boksçu Vətən Hüseynli olimpiya lisenziyası qazandı
20 Aprel 2012 Cümə 19:51
Boksçu Vətən Hüseynli Avropa Olimpiya təsnifat turnirinin yarımfinalında qalib gəlib.
Vətən Hüseynli (81 kq) Trabzonda keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirində finala vəsiqə qazanaraq, lisenziyaya sahib olub. ANS PRESS-in məlumatına görə, milli komandamızın üzvü yarımfinalda İngiltərə təmsilçisi Kallum Smiti 16-14 hesabı ilə məğlub edib. Bu çəkidə 3 boksçu London Olimpiadasına vəsiqənin sahibi olub. Həmyerlimiz finalda türkiyəli Bəhram Müzəffərlə üz-üzə gələcək.

Qeyd edək ki, bu boks idman növündə 7-ci lisenziyamız olub. Trabzon turnirində isə buna qədər Məhəmməd Abdulhəmidov (56 kq) Olimpiadaya vəsiqə qazanmışdı.

Olimpiya oyunlarına vəsiqə qazanan boksçumuz Vətən Hüseynli əsas məqsədlərindən birinə çatdığını deyib: “Çox sevincliyəm ki, Olimpiadaya lisenziyaya sahib oldum. İngilis idmançı ilə döyüşüm ağır keçdi. Amma buna baxmayaraq, qələbə qazana bildim. 1/4 final mərhələsində fransalı Bouheniyayla daha yaxşı döyüşmüşdüm. Bu dəfə rəqibim də qapalı döyüşürdü, ona görə də dəqiq zərbə vurmaq çətin idi. Nəhayət ki, məqsədimə çatdım. Çalışacam ki, Olimpiya oyunlarında da Azərbaycanın bayrağını yüksəldim, ölkəmi layiqincə təmsil edim”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar