Bilyard idmanı üzrə Azərbaycan birinciliyi başa çatdı
15 Mart 2010 Bazar Ertəsi 23:35
Bilyard idmanı üzrə Azərbaycan birinciliyi başa çatdı. Emin Musayev sərbəst piramida növündə qalib olub.
Bilyard idmanı üzrə gənclər arasında keçirilmiş Azərbaycan birinciliyi başa çatıb. İştirakçılar el arasında “Amerikanka” kimi tanınan, sərbəst piramida növündə 28 idmançı bacarıqlarını nümayiş etdirib.
Azərbaycan birinciliyinin finalında Xaqani Qurbanovla Emin Musayev üz-üzə gəlib. Həlledici görüşdə 5:3 hesabı ilə üstünlük qazanan Emin Musayev qalib gələrək qızıl medala sahib olub. Azərbaycan birinciliyinin gümüş medalı Xaqani Qurbanova qismət olub. 3-cü yerə isə iki idmançı Elmar Daşdəmirovla, Məmmədağa Əlili layiq görülüb.
Qeyd edək ki, bilyardın sərbəst piramida növündə idmançıya maksimum sərbəstlik verilir. Yəni o, istədiyi daşı vurmaqda sərbəstdir. Qeyri dəqiq zərbə müqabilində növbə rəqibə keçir. Amma zərbə zamanı daş bilyard masasından kənara düşməməlidir. Belə olan halda kürəni kənara vurmuş oyunçu cərimələnir. Daha doğrusu onun rəqibi, əlavə bir daş qazanır. Bir partiyada 8 dəqiq zərbə isə hissənin taleyini həll edir. Amma ümumi qaydalar bu növə də şamil edilir. Məsələn idmançı oyun zamanı söhbət edə bilməz. Oyunçu hər zərbədən sonra onun üçün ayrılmış yerdə əyləşir. Bu rəqibə mane olmamaq üçündür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: