İstanbulun "Beşiktaş" klubu futbol üzrə Türkiyə çempionatının qalibi olub. Super Liqanın sonuncu 34-cü turunda səfərdə "Dənizlispor"u 2-1 hesabı ilə məğlub edən “qara qartal”lar, 71 xalla ən yaxın izləyiciləri "Sivasspor"u 5 xal qabaqlayaraq tarixlərindəki 13-cü çempionluğu qazanıblar. Dənizli Atatürk stadionunda keçirilən qarşılaşmada "Beşiktaş"ın qollarını 28-ci dəqiqədə Holosko və 63-cü dəqiqədə İbrahim Toraman rəqib qapısından keçirib. "Dənizlispor"un yeganə qolunu isə matçın 85-ci dəqiqəsində Braqa vurub.
"Beşiktaş" Türkiyə Super Liqasının 2008-2009 mövsümündə keçirdiyi 34 qarşılaşmadan 21-də qələbə qazanıb, 8 matçda heç-heçə oynayan "qara qartal"lar, 5 matçda meydanı məğlub tərk ediblər. Tarixi ərzində 13-cü çempionluğunu qazanan İstanbul klubu, mövsüm ərzində keçirdiyi matçlarda rəqib qapılarından 60 qol keçirib, öz qapısında isə 30 qol görüb.
Bu il həm də finalda "Fənərbaxçan"ı məğlub edərək Türkiyə kubokunu qazanan "Beşiktaş", 19 ildən sonra eyni mövsümdə hər iki kuboku qazanmağı bacardı.
"Beşiktaş" tarixi ərzində daha öncə yalnız 1989-1990 mövsümündə ingilis baş məşqçisi Qordon Milnenin başçılığı altında həm çempionatda, həm də kubokda çempioluğu bayram etmişdi.
<!--[if !supportLineBreakNewLine]--><!--[endif]--> Hazırki baş məşqçi Mustafa Dənizli 19 il sonra "Beşiktaş"a eyni mövsümdə hər iki kuboku qazandıran mütəxəssis kimi tarixə düşdü.
Türkiyə futbolu tarixində daha öncə eyni mövsümdə həm çempionatın, həm də kubokun qalibi olan komandalar aşağıdakılardır: "Qalatasaray" 1962-1963, 1972-1973, 1992-1993, 1998-1999 ve 1999-2000 mövsümü, "Fənərbaxça" 1967-1968, 1973-1974 və 1982-1983 mövsümü , "Trabzonspor" 1976-1977 və 1983-1984, "Beşiktaş" da 1989-1990-da həm Türkiyə çempionatının, həm də Türkiyə kubokunun qalibi olmuşdu.
Elvin Rəsul /ANS PRESS/