Beşiktaş klubu vitse-prezidenti və baş məşqçisi həbs edilib
12 İyul 2011 Çərşənbə Axşamı 15:40
Türkiyədə danışılmış oyunlar və menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq çərçivəsində həbslər davam edir.
APA-nın xəbərinə görə, iyulun 11-də şübhəli qismində ifadə verməyə çağırılan “Beşiktaş” klubunun vitse-prezidenti Sərdal Adalı və “Beşiktaş” futbol komandasının baş məşqçisi Tayfut Havutçu bu gün səhər İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) gediblər. Bir neçə saat sonra onların hər ikisinin həbs olunduğu barədə xəbər yayılıb. İyulun 12-də səhər tezdən “İstanbul Böyük Şəhər Bələdiyyəsi” komandasının 2 futbolçusu – İbrahim Akın və İsgəndər Alın da həbs edilib.
Xatırladaq ki, iyulun 11-də Türkiyədə danışılmış oyunlar və menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq çərçivəsində 2-ci həbs dalğası başlayıb. Bu dalğada Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mahmud Özgənər, TFF İdarə Heyətinin keçmiş üzvü Ləvənt Kızıl, “Trabzonspor” klubunun prezidenti Sədri Şener, klubun vitse-prezidenti Nevzat Şakar, “Gənclərbirliyi” komandasının qapıçısı Sərdar Kulbilgə və bəzi digər şəxslər polis tərəfindən saxlanılıb.
İndiyədək iş üzrə məhkəmə tərəfindən 26 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Onların arasında “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım da var. APA
DOSTLARINLA PAYLAŞ: