Millinin üzvləri uşaqları Novruz bayramı münasibətilə təbrik ediblər.
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts, komandanın üzvləri Aqil Nəbiyev, Elvin Məmmədov və Ruslan Abışov, həmçinin AFFA-nın əməkdaşları Abşeron rayonu, Saray qəsəbəsindəki 7 saylı internat uşaq evini ziyarət edib, buradakı uşaqlara Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qonaqları salamlayan uşaq evinin direktoru Həqiqət Həsənova rəhbərlik etdiyi təlim-tədris müəssisəsi barədə ətraflı məlumat verib, göstərilən diqqətə görə minnətdarlığını bildirib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu, eləcə də milli komandanın üzvləri çıxış edərək Novruz bayramı münasibətilə uşaq evində tərbiyə alan uşaqları təbrik edib, hər zaman onlara mənəvi dəstək olmağa çalışdıqlarını deyib, millinin üzvlərinin iştirakı ilə belə tədbirlərin artıq ənənəvi hal aldığnı vurğulayıblar.
Sonra uşaqların ifasında konsert proqramı təqdim olunub. Çıxış edən uşaqlar AFFA-ya və Azərbaycan milli komandasına təşəkkür ediblər. Sonda milli komanda tərəfindən alınmış hədiyyələr uşaq evinə təqdim olunub.