Berti Foqts: “Türkiyə millisi üzərində qələbə xeyirdən çox zərər gətirdi”
31 Mart 2011 Cümə Axşamı 19:46
Berti Foqts:"Məni təəssüfləndirən odur ki, Vaqif Cavadov zəif oyunundan nəticə çıxarmır və qarşılaşma başa çatandan sonra gülür”.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun affa.az saytına müsahibəsi

- Belçika yığması ilə qarşılaşmanı bir daha təhlil etdikdən sonra oyun barədə fikirlərinizi bilmək istərdik…

- Müdafiədə səhvlərin təkrarlanmasını görmək məni təəssüfləndirir. Almaniya və Avstriya yığmaları ilə oyunda olduğu kimi, səhvlər ardıcıl təkrarlanır və əlavə vaxtda qol buraxırıq. Belə səhvlərə yol verməməliyik. Ölkənin millisi üçün oynamaq və məşqlərdə öyrənmək istəyi şərəfdir. Mahir və Railin səhvlərini görəndə düşünürəm ki, bu oyunçular öz səhvləri üzərində öyrənmək istəmirlərmi? Mən müdafiəyə meyilli futbol oynatmıram, bu, mənim üslubum deyil. Bu, fiziki hazırlıq və konsentrasiya məsələsidir. Tibbi müayinələri niyə keçiririk? Futbolçulara özlərinin nə üzərində işləməli olduqlarını demək üçün. Amma onların bəzisi bunu etmir. Buna görə də 8-10 günlük təlim-məşq toplanışları futbolçuları lazımi fiziki formaya çatdırmağa kifayət etmir. Bu, uzunmüddətli təlim prosesidir. Bizim prioritetimiz bütün mövqelərdə hücuma meylli futbol oynamaqdır.

Beynəlxalq oyunlarda rəqib səhvləri bağışlamır. Biz çox səhv buraxırıq. Futbolçular hələ də Türkiyə yığması üzərində qələbə barədə düşünürlər. Təəssüf ki, Türkiyə millisi üzərində qələbə xeyirdən çox zərər gətirdi. Bu qələbədən sonra futbolçular həmin oyundakı kimi mübarizə aparmırlar. Məni təəssüfləndirən odur ki, Vaqif Cavadov zəif oyunundan nəticə çıxarmır və qarşılaşma başa çatandan sonra gülür. Onun bu hərəkətini izah etmək üçün söz tapa bilmirəm.

Hələ iki səfər, dörd ev oyunumuz qalır. Bu oyunlarda komandanın başqa simasını görmək istəyirəm. Buna görə də oyunçulara fərqli münasibət olacaq. Məsələn, taktiki tapşırıqları yerinə yetirməyən futbolçular cəzalandırılacaq. Onlar öz ölkələrinin millisində çıxış etdikləri üçün minnətdar olmalıdırlar. Mən futbolçulardan Azərbaycan üçün medyanda əzmkar mübarizə aparmağı tələb edirəm.

- Konkret olaraq hansı futbolçular ümidlərinizi doğrultmadı?

- Vaqif Cavadov və Mahir Şükürovun oyunu məni çox təəssüfləndirdi. Rail Məlikov kimi peşəkar bir futbolçunun isə belə səhvlərə yol verməsini gözləmirdim.

- Qarşıdakı oyunlarda hansı mövqelərdə dəyişiklik etməyi düşünürsünüz?

- Klubların oyunlarını izləyəcəm. Tibbi müayinə və təlim-məşq toplanışından sonra heyətdə hər hansı dəyişikliklə bağlı qərar qəbul edəcəm.

- Apreldə Unibank Premyer Liqasının hansı oyunlarını izləyəcəksiniz?

- «İnter» - «Neftçi», «Qarabağ» - «Xəzər Lənkəran» və başqa oyunları izləyəcəm. Problem çempionat oyunlarında deyil, oyunların sürətindədir. Çempionat oyunlarındakı sürətlə bizim keçirdiyimiz beynəlxalq matçların sürəti arasında kəskin fərq var və tənqidçilər bunu tədricən görməlidirlər. Bütün bunlarla yanaşı, müsbət məqamları da görmək lazımdır. Seçmə mərhələdə artıq 3 qol vurmuşuq. Rusiya və Türkiyə milliləri ilə oyunlarda əldə olunmuş müsbət nəticələrə sevinmişik. İndi isə tənqidi yanaşmanı qəbul etməliyik. Futbolçular öyrənməlidirlər.

Mənbə: affa.az APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar