Berti Foqts: “İstefaya hazıram”
30 Mart 2011 Çərşənbə 02:28
“Biz ona görə uduzduq ki, hesab 1:2 olanda irəli çıxmadıq”
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Belçikadakı böyük hesablı məğlubiyyətdən sonra bəyan edib ki, istefa verməyə hazırdır. “İstefa? Əgər lazım olsa, problem yoxdur. Hər şeyi AFFA həll edir”, - deyə almaniyalı futbol mütəxəssisi bildirib.

Berti Foqts Belçika millisi qarşısındakı məğlubiyyəti də şərh edib: “Belçikilıları təbrik edirəm. Rəqib bizdən üstün idi. Belçika millisi sürətli futbol oynadı. Avtsriya üzərindəki qələbədən sonra ruhlanma hiss olunurdu. Əminəm ki, Belçika Avstriyadan sonra qrupumuzda ikinci güclü komandadır”.

Berti Foqtsun fikrincə, Azərbaycan millisi buraxılan ilk qoldan sonra oyununu itirməyib: “Hətta, biz hesabı bərabərləşdirə bildik, bəzi vaxtlarda pis oyun nümayiş etdirmədik. Lakin lüzumsuz penalti oyunun gedişatını dəyişdi. İkinci hissədə kombinasiyalarla oynamaq istədik, amma sonuncu ötürmə ilə bağlı problemlər yarandı”.

“Biz ona görə uduzduq ki, hesab 1:2 olanda irəli çıxmadıq. Rəqibin gözəl futbol nümayiş etdirməsinin də rolu var. Azərbaycan çempionatında belə səhvlərə ona görə rast gəlinmir ki, burada sürət başqadır”, - deyə Berti Foqt əlavə edib.

Baş məşqçi hesab edir ki, heyətlə bağlı yanlışlığa yol vermiyik. Onun fikrincə, meydana ən güclülər çıxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar