Berti Foqts bizə lazımdır?
27 Mart 2013 Çərşənbə 17:51
Şahin Diniyev: Ən böyük günah ondadır.
"Azərbaycan yığmasının Portuqaliya kollektivi ilə oyunda zəif futbol nümayiş etdirməsinin məsuliyyəti baş məşqçisi Berti Foqtsun üzərinə düşür”. Bu sözləri yığma komandamızın sabiq baş məşqçisi Şahin Diniyev ANS PRESS-ə açıqlamasında bildirib.
Futbol mütəxəssisi yığmamızın “Avropanın Braziliyası” adlandırılan komanda ilə oyunda futbol adına heç nə göstərə bilmədiyini deyir: “Mənim baş məşqçisi olduğum yığma da vaxtilə Portuqaliya ilə qarşılaşmışdı. Həmin oyunda da (2007-ci ildə Bakıda 0:2 hesabı ilə uduzduğumuz oyun nəzərdə tutulur-red.) Aslan Kərimov Ronaldoya qarşı kobud oynayaraq qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymuşdu. Ancaq o vaxt Portuqaliya qapımıza ötən günkü oyundakı qədər zərbə vurmamışdı. Kasetləri götürərək hər iki oyunu izləyə bilərsiniz. Həmin oyunda rəqibə daha az fərqlənmək imkanı vermişdik”.
Şahin Diniyev komandamızın zəif futbol nümayiş etdirməsində ən az günahın futbolçularda, ən çox günahın isə baş məşqçidə olduğu fikrindədir.
“Futbolçularımız güclü istəyin sayəsində ilk hissədə Portuqaliyaya hər hansı müqavimət göstərməyə çalışdılar. Ancaq səviyyə fərqi gec-tez özünü göstərməli idi. Göstərdi də. Futbolçuları qınamaq yersizdir. Berti Foqtsun 6 ildə gördüyü işin nəticəsi olmalıdır”, - deyə Şahin Diniyev bildirir.
Qeyd edək ki, dünənki oyundan sonra AFFA Berti Foqtsun istefası ehtimalı ilə bağlı mövqeyini açıqlayıb. Qurumun baş katibi Elxan Məmmədov hesab edir ki, baş məqşqçi Berti Foqtsun istefasını bir qrup insan səsləndirir.
"Bu seçmə mərhələyə başlayanda komandanı Berti Foqtsa tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliynin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir", deyə E. Məmmədov bildirib.
AFFA rəhbərliyinin Berti Foqtsla bağlanan 2 illik müqaviləyə hörmətlə yanaşdığını deyən baş katib bildirib ki, alman məşqçi də bu müqaviləyə hörmətlə yanaşır. Futbolçular da baş məşqçiyə hörmətlə yanaşırlar.
DOSTLARINLA PAYLAŞ: