Berti Foqts Azərbaycan yığmasından gedir
06 İyun 2011 Bazar Ertəsi 10:26
Almaniya mətbuatı məşqçiyə Türkiyədən təklif gəldiyini yazır
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts postundan ayrıla bilər. ANS PRESS-in Almaniyanın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, Foqtsun Türkiyə yığma komandasına baş məşqçi təyin edilmək ehtimalı yaranıb.
Türkiyə Futbol Federasiyası rəhbərliyinin yığmanın baş məşqçisi Qus Hiddinkin işindən narazı qaldığı və hollandiyalı futbol mütəxəssisi Berti Foqtsla əvəzləmək istədiyi yayılan xəbərlər sırasındadır. Qus Hiddinkin isə İngiltərənin “Çelsi” klubunun baş məşqçi postuna təyin olunacağı gözlənilir.
Xatırladaq ki, Berti Foqts Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bir dəfə Qus Hiddinkdən üstün olub. Belə ki, Foqtsun çalışdırdığı yığma komandamız Qus Hiddinkin baş məşqçisi olduğu Türkiyə millisini Bakıda 1:0 hesabı ilə məğlub etmişdi.
DOSTLARINLA PAYLAŞ: