Berti Foqts: Azərbaycan qrupda üçüncü yeri tutmağa çalışacaq
15 Oktyabr 2012 Bazar Ertəsi 17:14
Baş məşqçi yığmamızın Dünya Çempionatı-2014-də qarşısına qoyduğu məqsədi açıqlayıb.
"Azərbaycan qrupda üçüncü yeri tutmağa çalışacaq". Bunu Dünya Çempionatı-2014-ün seçmə oyunları mərhələsində Rusiya ilə keçiriləcək qarşılaşma ərəfəsində Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts bildirib.

Öz müsahibəsində B. Foqts deyib ki, onun imkanı olsaydı Rusiya yığmasının bütün oyunçularını Azərbaycan yığmasına dəvət edərdi: “Ancaq bu mümkün deyil. Bizim komandada gənc futbolçular var ki, onlar inkişaf edir və öz üzərində işləyirlər. Ancaq onlara vaxt lazımdır. Ümumlikdə isə mən rəqib komandanın heyətindən heç kəsi vurğulamaq istəməzdim. Mən bunu heç vaxt etmirəm. Hətta mən Almaniya yığması ilə Avropa çempionu olanda belə, heç kəsi qeyd etməmişəm, vurğulamamışam. Vacib olanı odur ki, hər bir futbolçu öz komandası üçün əlindən gələni etməyə hazırdır”.

B. Foqts deyib ki, Azərbaycan yığmasının düşdüyü qrup olduqca çətindir. Onun sözlərinə görə, bu qrupda Portuqaliya və Rusiya kimi komandalar var: “Bizim bu mərhələ üçün məqsədimiz güclü rəqiblərdən birini “hirsləndirməkdir”. Xüsusilə də biz bunu ev oyunlarında etmək fikrəndəyik. Misal üçün, 2010-ci il Dünya Çempionatının seçmə oyunları mərhələsində biz Rusiya yığması ilə evdə heç-heçə edə bildik. Biz ciddi şəkildə işləyirik və çalışırıq ki, qrupda üçüncü yeri tutaq. Buna nail olsaq – bu bizim böyük uğurumuz olacaq”.

Azərbaycan yığmasının baş məşqçi bildirib ki, 2016-cı il Avropa Çempionatında artıq 24 komanda iştirak edəcək: “Düşünürəm ki, Azərbaycanın az da olsa, bu turnirə vəsiqə qazanmaq şansı olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar