Berti Foqts aqressiya axtarır
06 İyun 2011 Bazar Ertəsi 16:27
"Sadəcə meydana çıxıb, axıradək döyüşməliyik"
Ötən həftə səfərdə Qazaxıstana məğlub olan futbol üzrə Azərbaycan yığma komandasını sabah daha çətin sınaq gözləyir. Millimiz Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Almaniya ilə qarşılaşacaq. Seçməmiz bu oyunun hazırlıqlarını yekunlaşdırmaq üzrədir.
Millimizin istirahət gününə təyin olunmuş məşqi mətbuat nümayəndələri üçün də açıq olub. Tofiq Bəhramov adina Respublika Stadionunda baş tutan hazırlıq zamanı baş məşqçi Berti Foqts futbolçuları o qədər də əziyyətə salmayıb. İsinmə hərəkətləri ilə başlanan məşq ikitərəfli oyunla yekunlaşıb. Daha sonra almaniyalı mütəxəssis mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. Qazaxıstanla oyunda zəif təsir bağışladıqlarını deyən berti Foqts Almaniya ilə matçın daha çətin keçəcəyini deyib: “Biz Qazaxıstanla oyunda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Futbolçularda aqressiya çatışmırdı. Ümid edirəm ki, bunu Almaniya ilə oyunda görəcəm. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Biz sadəcə meydana çıxıb, axıradək döyüşməliyik”.
Daha sonra futbolçular jurnalistlərlə fikirlərini bölüşüblər. Milli komandanın oyunçuları Əfran İsmayılov və Ruslan Abışov Qazaxıstanla görüşdəki məğlubiyyəti unutdurmaq istədiklərini deyiblər.
Korun istədiyi də iki gözdür. Çətin də olsa xatırladaq ki, millimiz Almaniya ilə ilk matçda 1-6 hesablı məğlubiyyətlə barışmışdı. Bu komandalar arasında sabah təşkil olunacaq oyun isə saat 22-də başlayacaq.
Nə isə, hər şey futbolçuların əlində olsa da, tamaşaçıların əlindən bir şey gəlir - stadiona gedib yığmamıza dəstək olmaq. Qalanı qalıb onların boynuna.
DOSTLARINLA PAYLAŞ: