Belçika – Azərbaycan matçına 26 min bilet satılıb
29 Mart 2011 Çərşənbə Axşamı 12:30
Belçikalı azarkeşlər oyuna böyük maraq göstərirlər
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan matçı üçün biletlərin artıq 26 mindən çoxu satılıb. ANS PRESS-in Belçika Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun bilətləri əsasən Federasiyanın mənzil-qərargahında yerləşən kassalarda satışa çıxarılıb. Belçika – Azərbaycan matçının keçiriləcəyi 50 min 122 tamaşaçı tutumuna malik Rua Boduen stadionunun oyun saatınadək dörddə üç hissəsinin azarkeşlərlə dolacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Belçika Futbol Federasiyası tərəfindən Brüsseldəki Rua Boduen stadionunun 2-ci tribunasının A sektoru ayrılıb. AFFA rəhbərliyi də qarşılaşmada millimizi kompakt şəkildə dəstəkləmək üçün stadiona gələcək azarkeşlərə müraciət edib. Onlardan biletləri məhz həmin sektora almaları xahiş olunur.

Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüşdə millimizi dəstəkləmək istəyən xaricdə yaşayan həmvətənlərimizə şərait yaratmaq məqsədilə AFFA öz vəsaiti hesabına 100 bilet alaraq Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə verib və səfirliyin nümayəndələri biletləri müvafiq qaydada azarkeşlərə paylayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar