Bekhemi transfer etmək istəyən klub ona təyyarə təklif etdi
09 Noyabr 2011 Çərşənbə 15:17
“Tixuana” futbolçuya aylıq 1,6 milyon dollar ödəməyə hazırdır.
Meksikanın “Tixuana” futbol klubu məşhur ingilis futbolçu Devid Bekhemi transfer etmək fikrinə düşüb. ANS PRESS-in “The Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, klub futbolçunun razılığını almaq üçün ona ayda 1,6 milyon dollar məvacib və matçların keçiriləcəyi şəhərlərə uçmaq üçün şəxsi təyyarə təklif edib. Devid Bekhem bu şərtləri qəbul edərək Meksikaya gəlməyə razılıq versə, o zaman Şimali Amerika futbolu tarixinə ən çox gəlir əldə edən futbolçu kimi düşəcək.
Xatırladaq ki, 36 yaşlı Devid Bekhem hazırda ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun şərəfini qoruyur. O, noyabrın 20-də ABŞ futbol liqası (MLS) kubokunun final qarşılaşması çərçivəsində “Hyuston Dinamo” klubu ilə qarşılaşmada meydana çıxacaq. Bundan sonra klubla müqaviləsi bitən Devid Bekhem azad agent statusu əldə edəcək. İngilis futbolçunu heyətinə qatmaq üçün Fransanın PSJ və İngiltərənin “Tottenhem Hotspur” klubları maraq göstərirlər.
DOSTLARINLA PAYLAŞ: