BBC News FİFA ilə bağlı sensasiyalı məlumat yayıb
30 Noyabr 2010 Çərşənbə Axşamı 11:30
Jurnalistlər FİFA məmurlarının nə qədər rüşvət aldıqlarını müəyyənləşdiriblər
BBC News-un jurnalistləri “Panorama” proqramında FİFA rəhbərliyinin ünvanına yeni korrupsiya ittihamı səsləndiriblər. İttiham konkret olaraq olaraq FİFA İcraiyyə Komitəsində rəhbər vəzifə tutan 4 şəxsə qarşı irəli ünvanlanıb.
Jurnalistlər həmin şəxslərdən üçünü 1989-1999-cu il ərzində International Sport and Leisure (ISL) şirkətindən ümumilikdə 100 milyon dollar məbləğində rüşvət almaqda günahlandırıblar. BBC News sübut kimi İSL tərəfindən 175 pul köçürməsi ilə bağlı məxfi sənədləri göstəriblər. Sənədlər arasında Cənubi Afrika Futbol Konfederasiyasının rəhbəri, paraqvaylı Nikolas Leosun 3 şirkətdən 200 min dollar rüşvət müqabilində, futbol üzrə Dünya çempionatının eksklüziv yayım hüququnu təqdim etməsi ilə bağlı sübut da var.
Jurnalistlər Braziliya Futbol Federasiyasının rəhbəri Rikardo Teyşeyranın Lixtenşteynin “Sanud” şirkətindən ümumilikdə 9,5 milyon dollar əldə etdiyini müəyyənləşdiriblər. Bundan başqa FİFA-nın vitse-prezidenti, bu qurumun maraqlarını Afrika ölkələrində təmsil edən kamerunlu İssaa Yyatunun adı da korrupsiya qalmaqalında hallanıb. İSL-nin sənədlərində Ayyatunun 100 min frank (20 min dollar) məbləğində pul aldığı öz əksini tapıb. Həmçinin Ayyatu və Teyşeyranın futbol yayımının satılmasında pul əldə etdikləri də bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl Leos, Teyşeyra və Ayyatunun rüşvət aldıqları iddiası ilə İsveçrənin “Tages-Anzeiger” qəzeti də çıxış etmişdi. “Panorama” verilişində isə bu üç şəxslə yanaşı FİFA-nın daha bir məmuru Cek Uornerin də adı rüşvət qalmaqalında hallanıb. Cek Uornerin Dünya Çempionatı-2010-nun biletlərini alverçilərə satdığı iddia edilir. Uornerin ümumilikdə 84 min dollar dəyərində bilet əldə etdiyi, ancaq yüksək qiymətə satmaq istəyindən alverçilərlə ortaq məxrəcə gələ bilmədiyi deyilir. “Panorama” verilişində adı çəkilən bütün məmurlar bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
DOSTLARINLA PAYLAŞ: