Basketbol üzrə Azərbaycan çempionatında finalçılar məlum olub
27 Fevral 2010 Şənbə 23:25
Həlledici görüşün vaxtı isə hələlik müəyyən olunmayıb
Basketbol üzrə sayca 17-ci Azərbaycan çempionatında finalçıların adları artıq məlum olub. Respublika miqyaslı yarışın qızıl medalları uğrunda “Qala” klubu, “Araz” kollektivi ilə qarşılaşacaq.

Bu gün baş tutmuş ilk yarımfinal oyunu “Araz” və “Aztop” komandaları arasında keçirilib. Bu qarşılaşmada Naxçıvan təmsilçisi “Araz” rəqibindən daha üstün olduğunu elə ilk 10 dəqiqədə sübut edib. Sonrakı hissələrdə də “Aztop” basketbolçuları oyunun taleyini öz xeyrinə dəyişə bilməyib. Nəticədə 100-77 hesablı qələbə qazanmış “Araz” ölkə çempionatının finalına vəsiqə əldə edib.

Günün ikinci matçında isə “Qala” “Bakı İnter”lə münasibətlərinə aydınlıq gətirib. İlk oyundan fərqli olaraq, bu görüş gərginliyi ilə yadda qalıb. Əsasən 3 xallıq zonadan fərqlənməyə çalışan “Qala” basketbolçuları sonda qələbəni bayram ediblər. 80-76. Beləliklə yarımfinal mərhələsindən üzüağ çıxmış “Qala” və “Araz” klubları ölkə çempionatının final oyununda üz-üzə gələcəklər. Həlledici görüşün vaxtı isə hələlik müəyyən olunmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar