Baş məşqçi istefa verərək ölkəmizi tərk etdi
20 Dekabr 2010 Bazar Ertəsi 11:20
“İqtisadçı”nın çalışdırıcısı Rəşad Yazıçıoğulları klubdan ayrılıb
Qadınlardan ibarət “İqtisadçı” voleybol klubunun baş məşqçisi Rəşad Yazıcıoğulları istefa verib. Bu barədə “İqtisadçı” voleybol klubunun vitse-prezidenti Seymur Orucov ANS PRESS-ə məlumat verib. Baş məşqçi artıq ölkəmizi tərk edərək Türkiyənin İstanbul şəhərinə gedib.

S. Ocaqovun sözlərinə görə, türkiyəli voleybol mütəxəssisi ürək-damar sistemində yaranan problem və ailə vəziyyəti ilə əlaqədar olaraq klubdan ayrılmaq istədiyini bildirib.

“Rəşad Yazıcıoğulları özünə hörmət edən bir şəxsdir. O, son zamanlar səhhəti ilə əlaqədar olaraq komandaya lazımınca vaxt ayıra bilmirdi. Buna görə də komandadan öz istəyi ilə ayrılmaq qərarına gəlib. Rəhbərlik isə onun istəyini həyata keçirib. Hazırda onun köməkçisi Eldar Əliyev komandanı növbəti oyunlara hazırlaşdırır”, - deyə Seymur Orucov bildirib.

“İqtisadçı” voleybol klubunun vitse-prezidenti hazırda baş məşqçi axtarışlarını Avropada davam etdirdiklərini də qeyd edib.

“Son Dünya çempionatında Xorvatiya yığmasının baş məşqçisi olmuş məşqçi ilə danışıqlar aparırıq. Bundan başqa Avropa ölkələrindən olan bəzi voleybol məşqçiləri ilə də danışıqlar aparırıq. Dekabrın 23-dək danışıqları yekunlaşdıraraq “İqtisadçı”ya yeni baş məşqçi təyin edəcəyik”, - deyə Seymur Orucov vurğulayıb.

Xatırladaq ki, Rəşad Yazıcıoğulları mövsümün əvvəlindən “İqtisadçı” klubunun baş məşqçisi təyin olunmuşdu. O, karyerası ərzində Türkiyənin qadınlardan ibarət yığmasını da çalışdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar