Baş məşqçi 12 ay futboldan uzaqlaşdırıldı
05 Aprel 2011 Çərşənbə Axşamı 19:34
AFFA bəzi futbol klublarında "lipa" futbolçular aşkarlayıb
AFFA bəzi futbol klublarında "lipa" futbolçular aşkarlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Assosiasiyanın İntizam Komitəsinin son yığıncağında da 2 belə fakt aşkarlınıb.
Neçə vaxtdır ki, U-14 Liqasında keçirilən matçlarda “Təhsil” (Bakı) klubunun heyətində adı Fəqani Əsədov kimi göstərilən futbolçunun yerinə Hümmət Mahmudov iştirak edirmiş. Buna görə də, AFFA adıçəkilən futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrini ləğv edərək, kluba 0:3 hesablı texniki məğlubiyyət verib.
U-13 Liqasının “Abşeron” – “Şahdağ” matçı da fırıldağın ifşası ilə əlamətdar olub. Qarşılaşma başlamazdan əvvəl “Abşeron” klubunun heyətində Mikamin Məhərrəmov adlı futbolçunu sənədlərinin düzgün olmadığı aşkar edilib.
Bu faktı klubun baş məşqçisi də təsdiq edib. O, futbolçunun lisenziyasını özünün düzəltdiyini boynuna alıb. Bu səbəbdən də, baş məşqçi saxta sənəd düzəltdiyi və həmin sənədi yarışları keçirən departamentə təqdim etdiyi üçün günahkar sayılıb. İntizam Komitəsi U-13 Liqasında çıxış edən “Abşeron”un baş məşqçisi Vüqar Hüseynovu 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: