Barselona məğlub oldu
19 Aprel 2012 Cümə Axşamı 02:16
Didye Droqbanın qolu rəqibin üstün olduğu oyunda “Çelsi”yə qələbə qazandırdı.
UEFA Çempionlar Liqasının yarımfinalında növbəti oyun keçirilib. ANS PRESS-in məlumatına görə, İspaniyanın “Barselona” klubu İngiltərənin “Çelsi” komandası ilə qarşılaşıb. Londonda keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolu birinci hissənin sonunda Didye Droqba Ramiresin ötürməsindən sonra vurub. Qonaqlar bir neçə qol şansı əldə etsələr də, onlardan heç birindən yararlana bilməyiblər. Birinci hissədə Sesk Fabreqas iki dəfə fərqlənmək imkanı qazanıb. 9-cu dəqiqədə “Barselona”nın hüdumçusu Aleksis Sançesin zərbəsindən sonra top üst dirəyə dəyib.

Birinci hissədə olduğu kimi, ikinci 45 dəqiqədə də kataloniyalıların üstünlüyü hiss olunub. Lakin “Çelsi”nin müdafiə xətti və qapıçı Peter Çexin səhvsiz oynaması hesabı qorumağa imkan verib. Qarşılaşmanın sonuncu dəqiqəsində Pedro fərqlənə bilərdi. Lakin onun zərbəsindən sonra top qapı dirəyindən qayıdıb, Buskets isə təkrar zərbə ilə topu boş qapıdan keçirə bilməyib.

Xatırladaq ki, bir gün əvvəl Almaniyanın “Bavariya” klubu İspaniyanın “Real” komandasını məğlub edib - 2:1.

Cavab yarımfinal oyunları aprelin 24-ü (“Barselona”-“Çelsi”) və 25-də (“Real”-“Bavariya”) keçiriləcək. Aprelin 21-də isə “Barselona” və “Real” İspaniya çempionatı çərçivəsində bir-biriləri ilə qarşılaşacaqlar.




DOSTLARINLA PAYLAŞ:

oyunlar