“Barselona” İspaniya Superkubokunu qazandı
18 Avqust 2011 Cümə Axşamı 04:37
“Real” “Nou Kamp”dakı oyunda məğlub oldu
“Barselona” klubu İspaniya Superkuboku uğrunda ikinci oyunda “Real”a qalib gəlib və kuboku qazanıb. “Nou Kamp” stadionundakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 17-ci dəqiqədə Anders İnyestanın qolu ilə “Barselona” açıb. Madridlilər qola Kriştianu Ronaldu ilə cavab veriblər. 45-ci dəqiqədə isə Lionel Messi “Barselona”nı hesabda irəli çıxarıb. Birinci hissə 2:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın 88-ci dəqiqəsində Kərim Benzema hesabı yenidən bərabərləşdirib - 2:2. Lakin cəmi iki dəqiqə sonra Lionel Messi xilaskarlıq missiyasını öz üzərinə götürüb və “Barselona”ya İspaniya Superkubokunu qazandıran qola imza atıb. Beləliklə, “Barselona” əzəli rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb.

Bu, “Barselona”nın İspaniya Superkubokunu ardıcıl üçüncü, ümilikdə isə onuncu dəfə qazanmasıdır. Lakin kataloniyalılar ilk dəfədir bu turnirdə “Real”ı məğlub edirlər.

Avqustun 26-da isə “Barselona”nı daha bir sınaq gözləyir. Klub Monakoda UEFA Superkuboku uğrunda Portuqaliyanın “Portu” komandası ilə qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar