“Barselona” Çempionlar Liqasının finalında
04 May 2011 Çərşənbə 10:08
Xosep Qvardiolanın yetirmələri “Real”ı mübarizədən kənarlaşdırıblar
UEFA Çempionlar Liqasının 2010/2011-ci il mövsümünün ilk finalçısının adına aydınlıq gəlib. “Barselona” əzəli rəqibi “Real” (Madrid) klubunu iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə məğlub edərək finala vəsiqəni özü təmin edib.

Madriddə keçirilən ilk oyun “Barselona”nın 2:0 hesablı qələbəsilə yekunlaşdığından Xosep Qvardiolanın yetirmələri “Nou Kamp” stadionunda keçirilən cavab qarşılaşmasına ehtiyatla başlayıblar.

“Barselona” yalnız oyunun ikinci hissəsində Pedronun qolu ilə önə keçib. “Real” isə Marselonun qolu sayəsində hesabı bərabərləşdirməyə müvəffəq olsa da bundan artığına gücü çatmayıb. Beləliklə, “Barselona” mayın 28-də Londonun “Uembli” stadiounda keçiriləcək final qarşılaşmasında oynamaq hüququ qazanıb.

“Barselona”nın rəqibinin adına isə bu gün baş tutacaq “Mançester Yunayted” – “Şalke” oyunundan sonra aydınlıq gələcək. “Mençester Yunayted” səfərdə baş tutan ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub etdiyindən finala vəsiqə qazanmağa daha şanslıdır.






DOSTLARINLA PAYLAŞ:

oyunlar