Bal yarmarkasında qiymət müxtəlifliyi
20 Sentyabr 2011 Çərşənbə Axşamı 16:19
Naxçıvan arıçıları öz ballarını 20, hətta 25 manata satır
Bakıda Xətai rayonunun ərazisində, “Əhmədli” metrosunun yaxınlığında yerləşən “Bakı” kino-teatrının qarşısında arıçılıq məhsullarının sayca XI respublika sərgisi və satışı yarmarkası bu gün öz işinə başlayıb. ANS TV-nin məlumatına görə, 15 gün davam edəcək yarmarkada respublikanın 56 rayonundan, həmçinin Naxçıvan Muxtar Respublikasından 600-dən çox arıçı öz məhsullarını nümayiş etdirir.

Sərgiyə çıxarılan bütün mallar Kənd Təsərrüfatı Nazirliyinin xüsusi laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra satışa icazə verilir. Məsələn, ötən il arıçılıq sərgisində saxta bal satdığına görə 40 nəfər arıçı sərgidən uzaqlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov deyor ki, nazirin bütün məhsulların yoxlanmasına dair göstərişi var:

"Arıçılıq haqqında qanunda deyilir ki, saxta məhsul satana qarşı ciddi tədbir görülməlidir. Biz o tədbirləri görürük. Qiymətlər 15 manatdır. Kim bundan baha satmaq istəyirsə, bazarda satsın. Biz ona qarışa bilmərik".

Hər bölgədən gələn arıçılar öz mallarını satmaq üçün əllərindən gələni edirdilər. Əvvəlcə, gözümüzə baldan hazırlanan kosmetik məhsullar dəydi. Məlum oldu ki, dünyada ən çox istifadə olunan kosmetik məhsulların tərkibində arı balı var.

Cəlilabaddan gələn arıçı Rövşən Tağıyev də bazara əsasən kosmetik məhsullarla çıxıb. "Cəlilabaddan gətirmişəm. Mum, arı südü, vələmum və s. satıram", deyə R. Tağıyev qeyd edib.

Sərgidə regionun istənilən bölgəsinə məxsus bal tapmaq mümkün idi. Nümayiş olunan ballar da məhz elə bu səbəbdən həm iyinə, həm də rənginə görə fərqlənirdi. Məsələn, Gədəbəydən gələn balın rəngi bir qədər tünd, cənub bölgəsinin balı xeyli şəffafdır.

Məhsulunu nümayiş etdirən arıçılar deyir ki, bazarda satılan balla buradakılar arasında çox böyük fərq var. Ən azı sərgiyə bal çıxaran bala şəkər tozu qatmır. Bazara çıxan balın isə əslində adı baldır.

Arıçılıq təsərrüfatının rəhbəri Səbuhi Nəbiyev deyir ki, Qəbələdən gəlib və gətirdiyi təmiz baldır:

"Bizim bal təmiz baldır. Heç bir qatqısı yoxdur. Məsələn, bu arı südüdür, onun qiyməti 40 manatdır. Bu bal keçən ilin balıdır. Çox adam deyir ki, xarlayıb, şəkər qatılıb. Amma bu, təmiz baldır. Köhnə bal ərinmiş yağ kimi olmalıdır".

Bal sərgisində bəzi satıcılar alıcı qıtlığından əziyyət çəkdiklərini desələr də İsmayıllının İvanovka kəndindən gələn arıçılara bunu heç də aid etmək olmaz. Çünki, alıcılar daha çox İvanovka balına daraşmışdılar.

Sərginin böyük əksəriyyətində balın bir kq-ı 15 manata satıldığı halda Naxçıvan arıçıları öz ballarını 20, hətta 25 manata satırdılar.

Naxçıvandan gələn arıçı Toğrul Məmmədov məsələni belə izah edir: "Naxçıvan balıdır, belə olmalıdır".

Alıcıların əksəriyyəti qiymətin 20, 25 manata olması ilə razılaşmırdılar.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi bildirmişdi ki, arıçıların, ziyalıların və xüsusilə də müharibə vateranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur.

Hazırda Azərbaycanda 126 min arı ailəsi var. Onlardan 1000-ə qədəri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Bu təsərrüfatlarda 3 mindən çox işçi çalışır.

Yarmarka hər gün sahər saat 9-dan axşam saat 19-dək davam edəcək.Yarmarkaya satış üçün gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti dəyəri ödənilmədən respublika baytarlıq laboratoriyasında yoxlanılacaq və keyfiyyət sertifikatı veriləcək. Keyfiyyətsiz bal satışa çıxarılmayacaq. Arıçılıq məhsullarının respublika sərgi satış yarmarkasında 400 ton bal satılması gözlənilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar