"Baku Open" turnirinin 3-cü oyun günü
25 Avqust 2010 Çərşənbə 23:20
Baş mükafata iddialılardan xal itkisi ilə üzləşənlər var.
Şahmat üzrə beynəlxalq “Baku Open” turnirinin 3-cü oyun günü arxada qalıb. 3 turdan sonra baş mükafata iddialı şahmatçılar qrupunda xal itkisi ilə üzləşənlər var.
3-cü oyun günü İsrail qrossmeysteri İlya Simirin xal itkisi ilə üzləşib. Təcrübəli şahmatçını həmyerlimiz Camal Ağasıyev şahsız qoyub. Özü də qara fiqurlarla. Beynəlxalq usta Anar Allahverdiyev isə eyni aqibəti rusiyalı qrossmeyster David Savçenkoya yaşadıb. Cahangir Ağarəhimov bu tur ağ fiqurlarla iranlı beynəlxalq qrossmeyster Tofiqi Humayini mat edib. Belaruslu beynəlxalq qrossmeyster Aleksey Aleksandrov isə həmyerlimiz Ülvi Bacarani ilə heç-heçə oynayıb.
Yığma komandamızın üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədovun gürcüstanlı beynəlxalq usta Şoto Azaladze ilə heç-heçəsini də xal itkisi kimi qiymətləndirmək olar. Eyni sözləri ağ fiqurlarla gürcü David Maqalaşvili qarşısında aciz qalmış beynəlxalq qrossmeyster Emil Sutovskiyə də aid etmək olar. Amerika Birləşmiş Ştatları şahmatçısı, beynəlxalq qrossmeyster Qata Kamski isə hələ ki, qarşısına çıxanı məğlub edir. Bu tur yarışın favoriti turkiyəli beynəlxalq usta Mustafa Yılmazı mat edib.
3 turdan sonra mütləq nəticə toplamış Kamskini həmyerlilərimizdən Qədir Hüseynov, Eltac Səfərli, Anar Alllahverdiyev, Fərid Abbasov və gürcü Konstantin Şanava izləyir. 9 turluq “Baku Open” beynəlxalq şahmat turnirinin qalibi avqustun 31-də məlum olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: