Baku Open turnirinə start verilib
23 Avqust 2010 Bazar Ertəsi 22:40
Beynəlxalq Baku Open yarışında 150-dən artıq şahmatçı mübarizə aparır.
Bu gün Bakıda daha bir beynəlxalq yarışın startı verilib. Şahmat üzrə beynəlxalq “Baku Open” turnirinin rəsmi açılış mərasimindən öncə, yarışla bağlı mətbuat konfransı keçirilib. Konfransda gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. “Baku Open” turnirİ haqda ətraflı məlumat verən nazir, bu turnirin təşəbbüskarlarının şahmatçıların özləri olduğunu deyib.
Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrildiyini söyləyən Azad Rəhimov ölkəmizdə daha böyük turnirlərin təşkili üçün hər cür şəraitin olduğunu da əlavə edib. Daha sonra 1-ci tura start verilib.
Qeyd edək ki, “Baku Open” turnirində ümumilikdə 150-dən artıq şahmatçı qələbəyə iddialıdır. Onlar arasında dünya miqyasında kifayət qədər tanınmış Qata Kamski və Emil Sutovski kimi zəka sahibləri də var. Azərbaycan şahmatının liderləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimovun mübarizə aparmadığı yarışda ölkəmizi Rauf Məmmədov, Eltac Səfərli, Vüqar Rəsulov və Vasif Durarbəyli kimi qrossmeysterlər layiqincə təmsil etməyə çalışır.
Xatırladaq ki, turnirin qalibi ötən il olduğu kimi bu dəfə də 10 min dollar qazanacaq. Avqustun 31-də başa çatacaq yarışın ümumi mükafat fondu isə 60 min dollar təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: