“Baku Fires” “Paris Yunayted”lə görüşə hazırlaşır
05 Aprel 2011 Çərşənbə Axşamı 15:27
Rəqiblər ilk olaraq aprelin 9-da Bakıda üz-üzə gələcəklər
Dünya boks seriyasında ölkəmizi təmsil edən “Baku Fires” klubu yarışın yarimfinal mərhələsinə hazırlıqlarını davam etdirir. “Bakı alovu”nun bu mərhələdəki rəqibi Fransanın “Paris Yunayted” komandasıdir. Tərəflər ilk olaraq aprelin 9-da “Sərhədçi” Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. Bu komandalardan hansının finala adlayacağı isə bir həftədən sonra Fransa paytaxtında müəyyənləşəcək.
“Baku Fires”ın baş məşqçisi Qamzat Ağayev hər iki görüşdə rəqiblərindən güclü olacaqlarını iddia edir.
“Bu bizim son rəsmi döyüşlərimizdir. Artıq 9-da və 15-də kimlərin döyüşəcəyini dəqiqləşdirməliyik. Bəzi çəkilərdə artıq kimin çıxış edəcəyi müəyyənləşib. Abdulhəmidov, Qrivaçyov və Məcidovun iştirakı dəqiqdir. Digər çəkilərdə isə seçimi hələ etməmişik", deyə baş məşqçi bildirib.
Qamzat Ağayevin sözlərinə görə, fransızlar stabil komandadır və bütün çəkilərində yaxşı idmançıları var: "Onlar əbəs yerə yarımfinala çıxmayıblar. Lakin biz də dünya boks seriyasının liderlərindənik və inanıram ki, fransızları həm burda və həm də Fransada məğlub edəcəyik”, - deyə Qamzat Ağayev bildirib".
Xatırladaq ki, “Baku Fires” öz qrupunda Qazaxıstanın “Astana Arlans” klubunu qabaqlayaraq lider kimi növbəti tura yüksəlmişdi.
DOSTLARINLA PAYLAŞ: