Baku Fires daha bir qələbə qazandı
19 Noyabr 2011 Şənbə 11:19
Boks klubumuz Baku Fires səfərdə “İstanbul Bosphorus”u məğlub edib.
WSB (Ümumdünya Boks Seriyası) Liqasında mübarizə aparan Azərbaycanın “Baku Fires” klubu ikinci qələbəsini qazanıb. ANS PRESS-in məlumatına görə, boks klubumuz Türkiyənin “İstanbul Bosphorus”unu səfərdə məğlub edib – 3:2. İstanbulun Əhməd Comərd İdman salonunda keçirilən qarşılaşmada əvvəlcə 54 kq çəki dərəcəsində təmsilçilərimizdən Qairbek Qermaxanov Murat Temura (Türkiyə) 4-cü raundda texniki nokautla qalib gəlib.
61 kq çəkidə yarışan Semyon Qrivaçyov Bünyamin Aydından (Türkiyə) xal hesabı ilə üstün olub - 46:49, 46:49, 46:49. 73 kq çəkidəki döyüşdə “İstanbul Bosphorus”un gürcüstanlı legioneri Caba Xositaşvili “Baku Fires”in belaruslu legioneri Məhəmməd Nurudzinovu üstələyib – 48:47, 49:46, 49:46. Lakin 85 kq çəkidəki boksçumuz Azamat Murtuzəliyev Türkiyə klubunun özbəkistanlı legioneri Sardor Beqaliyevə 49:46, 48:47, 49:46 hesabı ilə qalib gəldikdən sonra 91 kq-dan yuxarı çəkidəki boksçumuz Hacı Murtuzəliyevin meydan sahiblərinin belaruslu legioneri Viktor Zuyevlə qarşılaşması formallığa çevrilib. Bəlkə elə bu səbəbdəndir ki, Murtuzəliyev Zuyevə ciddi müqavimət göstərməyib - 45:50, 45:50, 45:50.
Beləliklə, “Baku Fires” 2 turdan sonra 6 xalla liderliyini davam etdirir. Komandamızın üzvləri 8 döyüşdən qalib ayrıldıqları halda, 2-də uduzublar. Noyabrın 19-da “V” qrupunda daha iki matç baş tutacaq:
“Wuxi Dragons” (Çin) – “Leipzig Leopards” (Almaniya)
“Mexico City Guerreros” (Meksika) – “Paris United” (Fransa).
DOSTLARINLA PAYLAŞ: