Bakıda yeni stadionun tikintisi başa çatdı
14 Oktyabr 2010 Cümə Axşamı 11:20
Yaxın günlərdə bolqarlar meydançanın örtüyünün döşənilməsinə başlayacaq.
AZAL klubu üçün Şüvəlan qəsəbəsində tikilməkdə olan təlim-məşq bazasında və stadionda işlərin ilkin mərhələsi başa çatıb. Stadionun tikintisinə məsul olan şirkətlər (yerli “Xəzər” firmasından başqa 1 bolqar, 1 alman və 1 ABŞ şirkəti var) əvvəlcədən tərtib olunmuş qrafikə əməl edərək tikinti, kommunal xətlərin çəkilməsi, meydançanın özülünün hazırlanması və səthin hamarlanması işlərini yekunlaşdırıb. Meydançada drenaj sistemi, tablo və işıq projektorları quraşdırılıb.

Qeyd edək ki, ABŞ-dan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılan işıqlandırmanın səviyyəsi meydançanın bütün sahəsinə bərabər paylanmaqla 1500 lüks olacaq. İşıq dirəklərinin hündürlüyü 42 metrdir. Stadionu ümumilikdə 250 işıq lampaları aydınladacaq. Elektrik təminatı üçün Şimal DRES-dən 1.4 km uzunluqda ayrıca xətt çəkilib və gücü 3200 kilovat saat olan yarımstansiya istismara verilib.

Bundan başqa, idman qurğusu ən müasir dəbdə olan səsucaldıcılar, internet şəbəkəsi üçün ötürücülər, sanitar qovşaqlar və qızdırıcı sistemlərlə təmin edilib. Hazırda baza və stadionda montaj-tamamlanma və abadlıq işləri aparılır. Eyni zamanda su anbarında, üzgüçülük hovuzunda və ikinci tribunada işlər başa çatmaq üzrədir.

Yaxın vaxtlarda isə bolqarıstanlı mütəxəssislər meydançanın örtüyünün döşənilməsinə başlayacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar