Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 600 gün qaldı
20 Oktyabr 2013 Bazar 11:06
Yarışda ümumilikdə 18 idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilir.
Oktyabrın 20-də Azərbaycan paytaxtı Avropa Oyunlarının 2015-ci il iyunun 12 –də Bakıda keçiriləcək açılış mərasiminə qalan 600 günü qeyd edərək ilk vaxt hesablanmasına başlayır.

Avropa Oyunları Avropanın 49 milli Olimpiya dövlətindən olan elit atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçirilir. Bu Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Ümumilikdə 18 idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilən "Bakı-2015" Avropa Oyunları Beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biri olacaqdır.

Yarışları qəbul edən şəhərin hazırlıq işləri “Bakı-2015” Oyunları üçün 21 stadion və qurğuların əksər hissəsinin tikinti və struktur planlaşdırması işində xeyli irəliləyişlə, cədvələ uyğun gedir.
“Bakı-2015” tədbiri üçün nəzərdə tutulan yerlər “Eurovision-2012” mahnı yarışmasını qəbul etmiş əfsanəvi “Baku Crystal Hall”u , yeni Beynəlxalq Üzgüçülük Mərkəzini və 65000 yerlik müasir stadionunu əhatə edir. Avropa Oyunları üçün nəzərdə tutulan “Atletlər Kəndi”nin tikintisi sürətlə gedir. Kənd artıq Oyunların təcrübəli məsləhətçiləri və planlaşdırma məsələlərinə məsul şəxsləri tərəfindən elit atletlər üçün dünyanın idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri hesab edilir.

“Alov Qüllələri” kompleksi və İraq mənşəli britaniyalı memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi kimi digər rəmzi məkanlar idmana xüsusi fon yaradacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirmişlər: “Bakı sakinləri və bütöv Azərbaycan Avropadan gələcək atletləri, rəsmiləri, mətbuat mənsublarını və tamaşaçıları salamlamağı səbirsizliklə gözləyir. Məqsədimiz Azərbaycanın, qəbul edən şəhərin və xalqın səmimiyyətini və qonaqpərvərliyini nümayiş etdirmək və idman, biznes və turizm üçün yeni istiqamət kimi təqdim etməli olduğumuzu göstərməkdir. Avropa Olimpiya Komitəsi və idman federasiyaları ilə iş apararaq, biz idmanı yeni format və quruluşda göstərəcəyik və yeni mühüm idman və mədəni tədbir təqdim edərək, Avropa Oyunlarını dünya səhnəsinə çıxaracağıq”.

“Bakı-2015” tədbiri üçün bu günədək təsdiqlənmiş yarışlar Olimpiya idman növü sayılan üzgüçülük, dayvinq, velosiped idmanı, boks, gimnastika, eləcə də gələcək mühüm idman tədbirləri üçün gözəl nümunə olan basketbol 3x3 və çimərlik futbolu kimi idmanın yeni formatını əhatə edir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki demişdir: “Böyük Oyunlar möhtəşəm yerlərdən başlayır. Bakının tədbir yerləri tarixdə mühüm beynəlxalq idman yarışları üçün hazırlanmış ən gözəl yerlərdən biri olacaq və atletlər, tamaşaçılar, yayımçılar və azarkeşlər üçün həyəcan dolu mühit yaradacaqdır. Tədbirə 600 günün qaldığı bir vaxtda, Azərbaycan Avropanın Olimpiya atletləri və dövlətləri üçün yüksək keyfiyyətli yarışın və qitənin ilk mühüm pan-Avropa çox idman növlü tədbirinin keçirilməsi məqsədilə cədvələ uyğun addımlayır”.

Bakı 2 milyondan artıq əhalisi olan, Xəzər dənizinin sahilində qərar tutan ən böyük şəhərdir. Keçmişdə İpək Yolunun mühüm hissəsi olmuş bu şəhər Avropa, Asiya və Orta Şərqin kəsişdiyi yerdə yerləşir. Bu gün Bakı UNESCO-nun Dünya mədəni irsi siyahısına salınmış İçərişəhərlə xüsusilə qeyd olunan müasir memarlığı özündə əks etdirir. Azərbaycan tolerantlıq və səmimi qonaqpərvərlik ənənəsi ilə seçilən çoxmədəniyyətli cəmiyyətdən ibarətdir.

Əlavə məlumat almaq istəyənlər www.baku2015.com ünvanına daxil ola bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar