Bakıda Dünya çempionatı start götürür
06 Noyabr 2010 Şənbə 10:15
Bu məqsədlə ən güclü bodibildinqçilər paytaxta toplaşıb.
Bu gün Bakıda Bodibildinq üzrə Dünya çempionatı start götürür. Azərbaycanda ilk dəfə olaraq təşkil olunacaq yarışda 60-dan artıq ölkənin təmsilçiləri mübarizə aparacaq. Yarışdan bir gün əvvəl isə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Rafael Santoha və Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev iştirak edib.

Rafael Santoha yarışın ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq təşkilatçılığın yüksək səviyyədə olacağına ümid etdiyi bildirib.

“Dünya çempionatı Bakıda ilk dəfə keçirilsə də Azərbaycanın digər beynəlxalq yarışları təşkil etmək təcrübəsi var. Çempionatın yüksək səviyyədə təşkil olunacağına ümid edirəm. Azərbaycanlı idmançılara gəlincə onlara hörmətim var. Sizin çox güclü idmançılarınız var. Bu yarışda siz də yüksək yerlər uğrunda mübarizə aparacaqsınız”, - deyə Rafael Santoha bildirib. Santoha onu da əlavə edib ki, noyabr ayının 7-də Beynəlxalq Bodibildinq Federasiyasının seçki konfransı da Bakıda təşkil olunacaq.

Dünya çempionatına gəldikdə isə yarışda ümumilikdə 63 ölkənin idmançısı iştirak edəcək ki, onlar arasında son 4 ilin dəyişməz çempionu Misirlə yanaşı, Əlcəzair, Rusiya, Ukrayna və Polşadan gəlmiş güclü idmançılar da olacaq. 9 çəki dərəcəsində keçiriləcək çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, Dünya çempionatına noyabrın 7-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar