Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək. Beş ən güclü komanda arasında yer alan Azərbaycan milli komandası Avropa çempionatının medallarına iddialıdır. Milli komandamızın baş məşqçisi Marina Vasilyeva zəriflərimizin qitə çempionatında uğur qazanacaqlarına inanır. Ən böyük ümidlər isə iki il əvvəl Bakıda keçirilmiş Avropa çempionatının qalibi olmuş Aliyə Qarayevanın uğurlu çıxışınadır. Üç gün davam edəcək Avropa çempionatında 32 ölkədən olan 186 gimnast bacarığını nümayiş etdirəcək. Fərdi proqramda 31 ölkənin 75 idmançısı, yeniyetmələrin qrup hərəkətləri üzrə komanda mübarizəsində isə 17 kollektiv 6 dəst medal uğrunda yarışacaq. Azərbaycanı fərdi porqramda Aliyə Qarayeva ilə yanaşı, Anna Qurbanova və Zeynəb Cavadlı təmsil edəcək. Komanda mübarizəsində isə Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevqeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət kollektiv Azərbaycanı layiqincə təmsil etmək üçün səy göstərəcək. /ANS TV/