Bakı turnirində məğlub olan güləşçilər cəzalandırılıb
03 Avqust 2010 Çərşənbə Axşamı 23:30
Güləş yığmamız yeni turnirə hazırlaşır.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası sentyabr ayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək Dünya çempionatının hazırlığına başlayıb. Güləşçilərimiz baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında Qusar olimpiya kompleksində məşq keçirlər.

Yığmanın baş məşqçisi hazırlığın ilk mərhələsində əsas diqqətin güləşçilərin fizik hazırlığına yönəldiyini deyib. Daha sonra Bakıya qayıdacaq komanda fəndlər və taktiki tapşırıqlar üzərində işləyəcək. Hazırlığa hər çəki dərəcəsi üzrə bir neçə idmançı qatılıb. Bu isə məşqçilər korpusunun seçim etməsinə imkan verəcək. Məsələn, 55 kq çəki dərəcəsində heyətə düşmək uğrunda amansız mübarizənin gedəcəyini əminliklə söyləmək olar. Bu rəqabətin olması hamıdan çox baş məşqçi Fərid Mansurovu sevindirir. O, Bakıda keçirilmiş Qızıl Qran Pri turnirində yüksək nəticə gözlədikləri, lakin uğur qazana bilməyən idmançıların cəzalandırıldığını deyib. Gənc çalışdırıcının fikrincə, bu cəzanın onlara təsiri olacaq.

Qeyd edək ki, komandanın Qusar toplanışı avqustun 11-dək davam edəcək. Moskvada keçiriləcək Dünya çempionatında isə Yunan-Roma güləşi üzrə yığmanın heyətində 7 idmançı yer alacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar