Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar təqdimat
21 Dekabr 2011 Çərşənbə 20:12
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi təqdimat mərasimi keçirib.
APA-nın xəbərinə görə, çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Sonra səhnəyə olimpiya çempionları Zemfira Meftahəddinova və Elnur Məmmədli, ikiqat paraolimpiya çempionu İlham Zəkiyev, eləcə də “Gələcək Olimpiya çempionları” adlandırılan uşaqlar çıxıblar.
Z. Meftahəddinova 2020-ci il Yay Olimpiya və Paraolimpiya Oyunlarının Bakıda keçiriləcəyinə əminlik ifadə edib. İ. Zəkiyev Azərbaycanın çox qısa müddətdə böyük uğurlara imza atdığını və Olimpiada təşkilinə də nail olacağını bildirib. E. Məmmədli 2020-ci il Olimpiadasını Bakıda keçirmək üçün Azərbaycanın çox böyük şanslara malik olduğunu açıqlayıb: “Həmin vaxt 32 yaşım olacaq. İnanıram ki, idmançı kimi həmin Olimpiadada iştirak edəcəyəm”.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bəyan edib ki, Azərbaycan Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırdır: “2012-ci il fevralın 15-nə qədər sifariş kitabçamız Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunmalıdır. Hazırda bununla bağlı iş gedir. Eyni zamanda “piar” sahəsində işlər aparılır”.
Təşkilat Komitəsinin üzvləri “Bakı-2020”nin loqosunu təqdim ediblər. Loqosda “Biz birlikdə bacarırırq” sözləri qeyd olunub. Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin iştirakı ilə reklam roliki də təqdim edilib.
DOSTLARINLA PAYLAŞ: