"Bakı" "Olmpik"in şərtlərini qəbul edir
10 Aprel 2009 Cümə 18:10
Paytaxt klubu "Olimpik"in xoş məramını nəzərə alaraq bütün şərtlərlə razı olduğunu bildirir

 

“Bakı" futbol klubu "Olimpik"-"Bakı" matçının təkrar keçirilməsi ilə bağlı "Olimpik"in səsləndirdiyi tələblərlə bağlı rəsmi açıqlama yayıb. "Bakı" klubunun rəsmi saytında verilən açıqlamada bildirilir ki, 5 aprel tarixdə XVII Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Olimpik"-"Bakı" (2:1) qarşılaşmasında ədalətli oyun qaydaları kobudcasına pozulub, qazanılan qələbə layiqli olmayıb. Klub bunu Azərbaycan futbolu üzərinə ləkə salacaq bir hal kimi dəyərləndirərək hər iki tərəfin razılığı ilə oyunun yenidən keçirilməsini təklif edib.

Açıqlamada bildirilir ki, sevindirici haldır ki, "Olimpik" klubunun rəhbərliyi vəziyyəti analiz edərək ədalət prinsiplərinin pozulması, oyunçularının Azərbaycan idmanı adına gətirdiyi ləkənənin silinməsi səbəbi ilə oyunun yenidən keçirilməsinə razılıq verib. "Bakı" futbol klubu "Olimpik"in bu xoş məramlı addımını alqışlayır. Bununla bərabər bu gün "Olimpik" klubu tərəfindən bir neçə şərt irəli sürülmüşdür ki, "Bakı" futbol klubu bununla bağlı xüsusi açıqlamaya eytiyac duyulduğunu nəzərə alaraq irəli sürülən şərtlərlə bağlı mövqeyini bildirir: “1-ci şərt: "Olimpik" son oyunla bərabər, birinci dövrədə keçirilən və "Bakı"nın qələbəsi ilə başa çatan (3:1) oyununun nəticəsinin ləğv edilməsini və yenidən keçirilməsini tələb edir. "Bakı" futbol klubu ilk dövrədə əldə olunan qələbənin təmiz idman şəraitində qazanıldığını, oyunun nəticəsinin hakim səhvləri səbəbi ilə ləğv olunmasını mümkünsüz və absurd tələb hesab edir, bununla belə "Oilimpik" klubunun xoş məramını nəzər alaraq bu şərtlə razı olduğunu bildirir.

2-ci şərt: Hər iki oyun azarkeşlərsiz keçirilsin. "Bakı" futbol klubu bu şərti məqbul hesab edir və AFFA-nın bu oyunla bağlı qəbul edəcəyi istənilən (məkan, zaman, hakimlik və s.) qərarla razılaşacağını bildirir.

3-cü şərt: Oyunu idarə etməyə xaricdən hakimlər dəvət olunsun. "Bakı" futbol klubu "Olimpik" rəhbərliyinin bu şərtini də qəbul edir və AFFA-nın bütün mümkün qərarları ilə razı olduğunu bildirir.

4-cü şərt: “Olimpik” tərəfi oyunlar zamanı təhlükəsizliyə təminat vermir. "Bakı" futbol klubu AFFA-nın qərarı ilə keçiriləcək oyunlarda təhlükəsizliyi təmin etməyə hazırdır və bu barədə müvafiq yazılı zəmanət verir.

Beləliklə, "Bakı" futbol klubu "Olimpik"in irəli sürdüyü bütün şərtləri qəbul edir və əldə olunan razılıq əsasında "Bakı" və "Olimpik" klublarının AFFA və PFL rəhbərliyinə birgə müraciət imzalanmasına cağırır.”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Olimpik” – “Bakı” matçında Olimpik klubunun futbolçuları “Fair Play” qaydalarına əməl etməyərək Bakının qapısına qalmaqallı qol vurublar. Matçda 0-1 hesabı ilə məğlub olan "Olimpik", Mahir Şükürovun ötürməsindən sonra Junivan Suaresin vurduğu bu qoldan sonra hesabı bərabərləşdirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar