"Bakı"nın "fair-play" həngaməsi
24 May 2010 Bazar Ertəsi 20:00
Və ya "Xəzər Lənkəran"ın fiaskosu!
Dünən Azərbaycan kubokunun finalında ən yadda qalan hadisə elə "fair-play" hoqqası oldu. Oyunun əsas vaxtı hər iki komandanın riskə getməməsi səbəbindən 0:0 bitdi. Fiziki və oyun üslubu cəhətdən rəqibinə nisbətən zəif görünən Lənkəran təmsilçisinin əlavə olunmuş vaxtda hesabı artıracağından çox qoruyacağı güman edilən idi.
Elə bu ərəfələrdə Ernad Skuliç hamını şoka saldı. Daha doğrusu, qarşılaşmanın 100-cü dəqiqəsində "Bakı"nın oyunçusunun yerə yıxılmasına görə rəqib futbolçular məhz hakimin müdaxiləsindən sonra "fair-play" qaydasını xatırlamalı oldu. Topu "Bakı" oyuna daxil etməli və ya elə rəqibin oyunu dayandırdığı yerdən meydanın kənarına ata bilərdi. Yəni bir sözlə, "fair-play" bunu tövsiyə edir ki, həmin epizodda "Bakı"lılar rəqib üçün təhlükəli epizod yaratmamalı idi.
Amma Skuliçin topa vurduğu zərbə heç bir halda qapıçıya ötürməyə oxşamırdı. Elə "fair-play"a güvənən Kamran Ağayev mövqeyini bir qədər tərk edib önə çıxmışdı ki, bu səbəbdən topun sürətiylə özünü təmziləyə bilmədi. Və qol.
Qoldan sonra mübahisə, qalmaqal öz yerində. Oyun 10 dəqiqəyə yaxın dayandı. Amma hakim vəziyyəti bərpa edəndən sonra "Bakı"nın bu qolu özünə yaraşdırmayacağına və əsl "fair-play" nümunəsi göstərib rəqibə bilərəkdən hesabı bərbaərləşdirmək imkanı yaradacağına inanmaq olardı. Çünki məhz ötən mövsüm "Bakı"nın başına belə bir həngamə gəlmişdi. Xatırlayırsızsa, "Olimpik-Şüvəlan"la oyunda Mahir Şükürovla Junivan Suaresin oxşar vəziyyətdən istifadə edib qol vurması...
Həmin vaxt da "Bakı" arxayınlaşmışdı ki, rəqib topu təhlükəli ola biləcək zonaya ünvanlamayacaq. Amma əksi oldu. Şükürovla Suaresi xalq düşməni səviyyəsinə qədər alçaldan, dayanmadan qəzetlərdə, saytlarda, TV-də "Olimpik-Şüvəlan"a (O vaxt "Olimpik" adlanırdı - müəl.) ittihamlar səsləndirən həmin "Bakı"nın rəhbərliyi idi. Zeynal Məmmədov, Yaşar Seyidov və s.
...Amma yox. Əsəblər gərilsə də, "Bakı" "Xəzər Lənkəran" önündə hesabda bu cür önə çıxmasından məmnun təsiri bağışlayırdı. 7 dəqiqə sonra Şoliç ikinci qolu da vurdu... Neytral mövqedə dayanıb məsələyə münasibət bildirməli olsam, deməliyəm ki, "Bakı" bu məqamda haqlıdı. "Fair-play" o demək deyil ki, Kamran Ağayev sayıqlığı əldən verməlidi, qarşısı alına bilən zərbəyə biganə reaksiya verməlidi...
"Xəzər Lənkəran" özünə haqq qazandıra bilməz...
Dünənki oyunda "Xəzər Lənkəran"ın rəqibə qarşı aciz qaldığı açıq hiss olunurdu. "Bakı"da əsl məşqçi işi hiss görünürdü. Elə birinci hissədə Şoliçin fəallığıyla sola, Fabio Luis Ramimin sürətiylə sağa şaxələnən oyun məhz məşqçi göstərişi idi. Çünki "zolaqlılar" adətən bu tip futbol sərgiləmir.
Bu kombinasiyalı oyunun oxunmaması üçün isə Jabaya hər iki cinahın önündə fəal olmaq, müdafiəçiləri çaş-baş salmaq tapşırığı verildiyi məlum idi. Bu gedişlərin məhsuldar olmamasının səbəb isə solda Adnan Bərəkətin tempi təmin edə bilməməsi idi. Türk legioner oyuna hazır deyildi. Amma paytaxt təmsilçiləri müdafiədə də intizamlı olmaqla rəqibdən bir baş üstün oyun göstərirdi.
Cənublularda da çatışmazlıqlar məşqçi "işi" idi. Ağasəlim Mircavadovun oyun fəlsəfəsi, yanaşması heç vaxt sürətə hesablanmayıb - bu, bir aksiomadı. Hələ bu azmış kimi, rəqibin sürətli oynadığını çoxdan anlamalı olan Mircavadovun oyunu müdafiədən qurmağının hansı əsası var idi - aydın deyildi. Rahid Əmirquliyevin fiziki forması yerində olsa da, solda onu kifayət qədər "bağlamışdılar". Elə buna görə də Rahidin funksiyaları tezliklə Dieqo Souzaya ötürüldü. O, mərkəzlə yanaşı sağ cinaha da meyllənməli diqqəti ora yönəltməli, boş sahələrin açılmasını təmin etməli idi. Amma Souzanın da oyunu tezliklə "oxundu", rəqib onu da "qapadı".
Mircavadov müdafiədən qurulan oyunu mərkəzdə o qədər yubadırdı ki, qarşı tərəfin hətta hücumçuları müdafiəçi rolunu oynaya bilirdi. Bu, Mircavadovun futbolunda bir "xəstəlikdi". Onun komandası həmişə mərkəzdən hücuma keçənədək o qədər ötürmə edir ki, rəqib bunu dərhal zərərsizləşdir bilir. Ona görə də onun komandaları həmişə Avropada "yaxşı oynayır, lakin son anda, bəxtsizlikdən məğlub our...". Bir az diqqətli olaq, elə deyil, müasir futbol iki sütun üzərində qurulub: komanda oyunu və sürət.
Mircavadovun yanaşması isə köhnədi: fərdlərin texnikası və hücum...
Belədə sürət və komanda oyununu əmələ gətirmək mümkünsüz olur. Onun çalışdırdığı komandalarda həmişə fərdlər nəyisə həll edib. Amma komandanın uğuru fərdin durumundan asılıdı - bu da xoş olmayan ənənədi.
Mircavadov haqda bu və digər çatışmazlıqları bildirmək, iddia etmək elə də asan deyil, çünki onu dahi məşqçi sananlar çoxdu. Ona qarşı qoyulan əksarqumentlər isə hər dəfə "keçmir".
Nə yaxşı ki, Cüneyt Biçər bunu sübuta yetirdi. Elə təkcə son iki oyunu - çempionatdakı qarşılaşmanı və final matçını diqqətlə gözdən keçirin: Biçər Mircavadova köhnəldiyini əyani şəkildə göstərdi!
Bunlar bütövlükdə "Xəzər Lənkəran"ın cari mövsümdə fiaskosunu labüd etdi. Komandanın iddiası siyasətinə uyğun deyil... ANSPRESS
DOSTLARINLA PAYLAŞ: