"Bakı"nın Avropa Liqasındakı rəqibi "Buduçnost" klubu oldu
21 İyun 2010 Bazar Ertəsi 20:15
"Bakı" ilk oyunda "Buduçnost"u öz meydanında qəbul edəcək.
Bu gün UEFA-nın Nyonda yerləşən mənzil qərargahında Avropa kuboklarının püşk atma mərasimi keçirilib. Bakı vaxtı ilə saat 16-da başlanan mərasimdə Avrropa kuboklarında Azərbaycan adına çıxış edəcək komandalarının rəqibləri müəyyənləşib.

Püşkatmanın nəticələrinə görə "Bakı"nın Avropa Liqasının ikinci mərhələsində rəqibi Çernogoriyanın "Buduşnost" (Podqoritsa) klubudur. 1925-ci ildə qurulan "Buduşnost" idman klubunun nəzdində futbolla bərabər voleybol,basketbol və həndbol bölmələri də fəaliyyət göstərir.

Klubun tarixinə nəzər sadıqda, "Buduçnost"un 2007-08-ci illər mövsümündə Çernoqoriya çempionu titulunu qazandığının şahidi oluruq. Ümumiyyətlə son 4 il ərzində "Buduçnost" bir dəfə çempion adını qazanmaqla bərabər, iki dəfə də gümüş medallara layiq görülüb (2006-07, 2008-09-cu il mövsümü)

Çernoqoriya paytaxtı Podqoritsanı təmsil edən "Buduçnost"un formasını vaxtı ilə Yuqoslaviya və Avropa futbolunun ulduzları Predraq Miyatoviç, Deyan Saviçeviç, Branko Brnoviç kimi əfsanəvi futbolçular geymişlər.
"Buduçnost" ev oyunlarını "Pod Qoritsom" adlı paytaxt stadionunda keçirir. 18.000 azarkeş tutmuna malik olan bu arena eyni zamanda Çernoqoriya milli komandasının da ev stadionu sayılır.

Rəqib komandanın baş məşqçisi serb mütəxəssis Mixaylo İvanoviçdir. Püşkə əsasən "Bakı" ilk oyunda "Buduçnost"u öz meydanında qəbul edəcək. "Bakı" Avroliqa turnirinə ikinci mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları 15 və 22 iyul tarixlərində keçiriləcək.

Xatırladaq ki, qitəmiqyaslı yarışlarda ölkəmizi çempion "İnter", üçüncü yerin sahibi "Qarabağ", ölkə kubokunun finalçısı "Xəzər Lənkəran"la yanaşı vitse-çempion və Azərbaycan kubokunun qalibi "Bakı" futbol klubu təmsil edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar