"Bakı" klubunun yeni təlim-məşq bazası istifadəyə verildi
08 Sentyabr 2011 Cümə Axşamı 17:31
Açılış mərasimində prezident İlham Əliyev iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə məlumat verib ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır.

2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olub. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridir.



Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır.

Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanıb. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcək.

Sonra dövlət başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış olub. Mərkəz tam avtomatlaşdırılıb, texniki təchizat yüksək səviyyədə təmin edilib. “Bakı” futbol klubunun müxtəlif vaxtlarda qazandığı uğurları əks etdirən kubok və medallar da mərkəzə gələn qonaqlara nümayiş etdirilir.

Bildirilib ki, Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzindədir. “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdır. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edir. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədir.

Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış olub. Məlumat verilib ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılıb. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psixoloji hazırlığı ilə məşğul olur. İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılıb.

Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşüb. Dövlət başçısına “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olunub.







DOSTLARINLA PAYLAŞ:

oyunlar