Bakı klubuna alman Vinfrid Şafer baş məşqçi təyin olundu
11 İyun 2010 Cümə 12:25
Vinfrid Şaferlə iki illik müqavilə imzalanıb.
“Bakı” futbol klubunun yeni baş məşqçisinin adı məlum oldu. Komandamızı almaniyalı mütəxəssis Vinfrid Şafer çalışdıracaq. Klubdan verilən məlumata görə, Şafer bu gün klub prezidenti Hafiz Məmmədovla görüşdükdən sonra iki illik müqaviləyə imza atıb.

“Bakı” futbol klubunun yeni baş məşqçisi Vinfrid Şafer 1950-ci il yanvarın 10-da Almaniyanın Mayen şəhərində anadan olub. Karyerası boyu müdafiəçi kimi çıxış edən Şafer 1982-ci ildə məşqçiliyə başlayıb. Məşqçilik karyerasının ilk 3 ilində Münhenqladbax “Borussiya”sının əvəzedici heyətinə rəhbərlik edib. 1985-ci ildə “Borussiya”nın əsas komandasında skaut kimi çalışıb. 1986-cı ildən 1998-ci ilədək “Karlsrue”ni çalışdırıb. 1998-ci ildə “Ştutqart”, 1999-2000-ci illərdə isə “Tennis Borussiya Berlin” klublarında fəaliyyət göstərib.

2001-ci ildə Kamerun millisinə baş məşqçi təyin olunan Şafer 3 il burada işlədikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutub. 2005-2007-ci illərdə “Əl-Əhli”, 2007-2009-cu illərdə isə “Əl-Ayn” klublarını çalışdırıb. 2010-cu il iyunun 10-da “Bakı” futbol klubu ilə iki illik müqavilə imzalayıb.

Şafer 2002-ci ildə Kamerun millisi ilə Afrika Millətlər Kubokunu, 2003-cü ildə FİFA Konfederasiya Kubokunun gümüş mükafatını qazanıb. 2006-ci ildə BƏƏ çempionu, 2008/2009 mövsümündə BƏƏ superkuboku və prezident kubokunu, 2009/2010 mövsümündə isə ölkə superkubokunu qazanıb.

Xatırladaq ki, Vinfred Şafer 1996-cı ildə Almaniyanın, 2004-cü ildə Afrikanın ən yaxşı məşqçisi seçilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar