Bakı klubu liderliyə yüksəldi
03 May 2009 Bazar 10:10
Paytaxt klubu Zaqatala təmsilçisi "Simurq" üzərində 1-0 hesablı qələbə qazanıb

 

Dünən keçirilmiş 3 qarşılaşma ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tur matçlarına start verilib. Günün ən önəmli matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Çempionluğa iddialı "Bakı" Zaqatalanın "Simurq" klubunu qəbul edib. Çempionluq uğrunda mübarizəni davam etirmək üçün bu matçda mütləq qələbə qazanmalı olan paytaxt təmsilçisi çətinliklə olsa da bu istəyinə nail olub. Qarşılaşmanın 90+1-ci dəqiqəsində "Bakı"nın molodovalı futbolçusu Vadim Borets komandasına 3 xal qazandıran qolu "Simurq"un qapısına vurub. Bu qələbədən sonra aktivində 56 xalı olan "Bakı" turnir cəvəlində liderliyə yüksəlib.

Günün digər qarşılaşması isə Bakının "Standard" və Tovuzun "Turan" komandaları arasında keçirilib. Bu matç isə "Standard"ın qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisi 4-1 hesablı qələbə qazanıb. "Standard"a qələbə qazandıran qolları matçın 3 və 68-ci dəqiqələrində Fərid Quliyev, 34 və 65-ci dəqiqələrdə isə Anxel Qutyerez rəqib qapısından keçirib. "Turan"ın təsəlli qoluna isə matçın 81-ci dəqiqəsində Əfran İsmayılov imza atıb.

Premyer Liqanı tərk edəcəyi rəsmiləşən MOİK bu turda autsayder "Bakılı" ilə qarşılaşıb. Bu qarşılaşma "Bakılı"nın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 89-cu dəqiqəsində Vüqar Əskərovun vurduğu qol "Bakılı"ya minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, Premyer Liqanın bütün matçlarında Neft Akademiyasında baş vermiş faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. "Bakı -"Simurq" matçında futbolçular meydana "Başın sağ olsun vətən" şüarı yazılmış plakatla çıxıblar.

Azərbaycan Premyer Liqasının XXIV turuna bu gün keçiriləcək 4 qarşılaşma ilə yekun vurulacaq. Günün ən diqqətçəkən qarşılaşması Ağdamda keçiriləcək. 16 illik fasilədən sonra Ağdamda çempionat oyununa çıxacaq "Qarabağ" çempionluğa iddialı "İnter"i qəbul edəcək. Premyer Liqanın XXIV turu çərçivəsində bu gün keçiriləcək qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq.


3 may, bazar


"Xəzər-Lənkəran" - "Qəbələ"
Lənkəran şəhər "Xəzər-Lənkəran" stadionu, 18.00

"Olimpik" - "Muğan"
"Şəfa" stadionu, 17.00

"Karvan" - "Neftçi"
Yevlax şəhər stadionu, 17.00

"Qarabağ" - "İnter"
Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu, 17.00


Elvin Rəsul /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar