Bakı klubu Azərbaycan çempionu oldu
17 May 2009 Bazar 22:20
Paytaxt təmsilçisi Premyer Liqanın son turunda "Muğan"ı 4-0 hesabı ilə məğlub edib

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2008/2009 mövsümünə yekun vurulub. Premyer Liqanın sonuncu XXVI turunda Salyanın “Muğan” klubunu 4-0 hesabı ilə məğlub edən “Bakı” Azərbaycan çempionu adını qazanıb. Paytaxt təmsilçisinə çempionluq qazandıran qolları matçın  37-ci dəqiqəsində Batista, 45-ci dəqiqədə Adamiya, 86 və 87-ci dəqiqələrdə isə Əhməd Ticani “Muğan”ın qapısından keçirib. Bu nəticədən sonra 62 xala sahib olan “Bakı” ən yaxın izləyicisi “İnteri” 1 xal qabaqlayaraq Azərbaycan çempionu adını qazandı. 
 
Aktivində 61 xalı olan “İnter” ikinci, 53 xala malik olan “Simurq” isə çempionatı 3-cü pillədə başa vurdu. “Bakı” klubu Premyer Liqanın 2008/09 mövsümündə keçirdiyi 26 oyunun 20-də qələbə qazanıb. 2 qarşılaşmada heç-heçə oynayan paytaxt təmsilçisi 4 matçda meydanı məğlub tərk edib. 26 turda rəqib qapılarından 54 qol keçirən “Bakı” öz qapısında 13 qol görüb.

Premyer Liqanın sonuncu XXVI turu çərçivəsində keçirilmiş digər matçlarda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq:

"Standard" - MOİK 2:1

"Xəzər-Lənkəran" - "Simurq" 3:1

"Qəbələ" - "Turan" 0:1

"Olimpik" - "Neftçi" 0:0"Bakılı" - "İnter" 1:5

"Karvan" - "Qarabağ" 0:0

 

Elvin Rəsul /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar