"Bakı" futbolsevərlərdən üzr istədi
22 İyul 2010 Cümə Axşamı 20:35
Komandamız Çernoqoriyada cavab oyununa 0:3 hesabı ilə başlamaq məcburiyyətindədir
Bu gün UEFA-nın İntizam Komitəsindən "Bakı" klubunun ünvanına göndərilən məktubda "Bakı"-"Buduçnost" (2:1) oyununun nəticəsinin ləğv olunduğu, komandaya 0:3 hesablı texniki məğlubiyyət verildiyi bildirilir. Bu barədə klub rəsmi internet saytında açıqlama yayıb.

Buna səbəb komandanın yeni üzvü Joel Dioden Epallenin 15 iyul 2010-cu il tarixdə keçirilən oyunda meydana çıxması olub.

2006/2007-ci illər mövsümündə Yunanıstanın "İraklis" klubunun şərəfini qoruyan Epalle "Visla" Krakov (Polşa) klubuna qarşı oyunda qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb və ona 2 oyunluq cəza verilib. "İraklis"lə "Visla"nın cavab oyununu buraxan Epallenin daha bir oyunluq cəzası qalıb. Həmin mövsüm "Bohum"a (Almaniya) transfer olunan kamerunlu futbolçu həmin gündən etibarən UEFA bayrağı altında keçirilən oyunlarda iştirak etmədiyi üçün daha bir oyunluq cəzası qüvvədə qalıb.

UEFA yeni mövsüm əvvəli Avropa kuboklarının püşkündən sonra cəzası olan və oynamağı yasaqlanan bütün futbolçuların siyahısını iştirakçı klublara göndərir. Həmin siyahıda Joel Dioden Epalle "Bohum" klubunun üzvü kimi göstərlilir.

Təəssüf ki, həm futbolçunun özü, həm də onun "Bakı"ya transferini ilə məşğul olan menecerlər bu faktı diqqətsiz buraxıblar. Nəticədə, Epalle daha bir oyun cəzalı olduğu halda "Bakı"-"Buduçnost" oyununda iştirak edib. Nəticədə UEFA İntizam Komitəsi "Bakı"-"Buduçnost" qarşılaşmasının nəticəsinin ləğv olunması və komandamıza 0:3 hesablı məğlubiyyət verilməsi barədə qərar qəbul edib.

Bu gün komandamız Çernoqoriyanın paytaxtı Podqoritsada cavab oyununa çıxır. Komandamız bu oyuna 0:3 hesabı ilə başlamaq məcburiyyətindədir.

"Bakı" futbol klubu rəsmi açıqlaması ilə bütün Azərbaycan icitimaiyyəti və futbolsevərlərdən üzr istəyir, mübarizəni sona qədər davam etdirəcəyi və Avropa Liqası yarışlarında var gücünü ortaya qoyacağını bəyan edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar