Bakı futbol klubunun rəhbərliyi istefa verib
26 İyul 2010 Bazar Ertəsi 15:15
Bakı futbol klubunun prezidenti Hafiz Məmmədov son qərarını verəcək.
Avropa Liqasında mübarizəni dayandıran “Bakı” klubunun rəhbərliyi istefa verib. Bu haqda apasport.az saytına məlumat verən paytaxt təmsilçisinin baş meneceri Zeynal Məmmədov bildirib ki, özü də daxil olmaqla, digər rəhbər şəxslərin hamısı istefa ərizəsini yazıblar.

“Bakı” Avroliqanın III təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə hər iki oyunda 2:1 hesablı qələbə qazansa da, mərhələ keçə bilmədi. Buna səbəb UEFA-nın Bakıdakı matçda kamerunlu futbolçu Joel Epallenin cəzası bitmədiyi halda, meydana çıxması və verilən 0:3 hesablı texniki məğlubiyyət idi. Məmmədov son qərarı klub prezidentinin verəcəyini bildirib: “Baş verənlərlə bağlı klubdaxili toplantımız olmasa da, qərarımızı vermişik. Düzdür, istefa versək də, klubun işinin dayanmasına imkan vermirik. Çünki yeni çempionatın başlanmasına az vaxt qalıb. Premyer Liqanın startı ərəfəsində lazımi sənədlərin düzəlməsi ilə məşğuluq. Klubumuzu prezidenti Hafiz Məmmədov hazırda ölkə xaricindədir. Yaxın günlərdə vətənə dönəcək və bundan sonra son qərarını verəcək. Onun hansı addım atacağı, klubda fəaliyyətimizi davam etdirib-etdirməyəcəyimizi zaman göstərəcək”.

Məmmədov cəzaya görə, günahın bölünməsini düzgün saymır: “Fikrimcə, burada hamı – İdarə Heyətindən tutmuş adi işçiyə qədər hamı məsuliyyət daşıyır. Günahın daha çox kimdə olub-olmamağı ilə bölgü aparmaq düzgün olmazdı. İnanın ki, baş verənlər mənə bərk təsir edib. Bunu özümə heç cür bağışlaya bilmirəm. Çünki bu məsələdə söhbət tək “Bakı” klubundan yox, bütün Azərbaycan futbolundan gedirdi”.

Qeyd edək ki, Epallenin transfer işləri ilə məşğul olan “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar ötən həftə istefa verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar