Bakı 2020-ci il Yay Olimpiya Oyunları ilə bağlı təbliğat kampaniyasına start verib
21 Dekabr 2011 Çərşənbə 21:03
2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının rəmz, şüar və veb-səhifəsinin təqdimat mərasimi keçirilib.
Bakı şəhərinin 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi seçimində iştirakına həsr olunmuş rəmz, şüar və veb səhifənin təqdimat mərasimi keçirilib. Təqdimatda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycanda son illər yaradılan idman infrastrukturu ölkədə idmanın inkişafına qayğının, dövlətin idmana xüsusi yer ayırmasının göstəricisidir.

Gənclər və idman naziri Azad Rəhimov təqdimatla bağlı jurnalistlərə bildirib ki, seçim turunda hazırkı məqsəd 2012-ci ilin fevral ayına kimi Bakı və Azərbaycan haqqında məlumat verən “sifariş kitabı”nın hazırlanmasıdır. O qeyd edib ki, hazırlıq işlərinə üç dünya səviyyəli şirkət cəlb olunub. Rəhimov bildirib ki, Bakının bu seçimdə qalib gəlməsində dövlətdən çox, Azərbaycan xalqının dəstəyinə ehtiyac var.

Bakı Olimpiya və Paralimpiya Oyunları 2020-nin şüarı "Biz birlikdə bacararıq" (Together we can) seçilib.

Təqdimat Azərbaycanın Olimpiya mükafatçıları Zemfira Meftəhəddinova (atıcılıq), Elnur Məmmədli (cüdo) və paralimpiyaçı İlham Zəkiyevin (cüdo) iştirakı ilə keçirilib.

Tədbirdə həmçinin Bakı Olimpiya və Paralimpiya Oyunları 2020-nin rəsmi saytının (www.baku2020.com) təqdimatı keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar