Bahodir Nasimov Neftçi tarixine düşdü
05 Avqust 2013 Bazar Ertəsi 07:10
Bahodir Nasimov klub tarixinde Azerbaycan çempionatında en çox qol vuran legioner adına sahib çıxıb.
Topaz Premyer Liqasının 1-ci turu “Neftçi”nin futbolçusu Bahodir Nasimov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, Özbəkistanlı hücumçu AZAL-la oyunda rəqib qapısından top keçirməklə çempionatdakı qol həsrətinə son qoyub.

Belə ki, 2011/12 mövsümünün ən yaxşı bombardiri ötən çempionatı qol vurmadan bitirmişdi. Nasimov sonuncu qolunu 2012-ci il aprelin 14-də “İnter”lə oyunda (2:1) vurmuşdu. 476 günlük qol həsrətini bitirən Nasimov AZAL-ı məyus etməklə “Neftçi”nin də tarixinə düşüb. O, klub tarixində Azərbaycan çempionatında ən çox qol vuran legioner adına sahib çıxıb. 2010/11 mövsümündə 28 oyunda 15 qol vurmaqla bombardir titulunu son anda əldən verən, 1 il sonrakı 29 oyunda vurduğu 16 qolla nəhayət ki, mükafatın sahibi olan 3 qat Azərbaycan çempionu “Neftçi”nin heyətində 32-ci qolunu vurub.

Bu matçadək “ağ-qaralar”ın Premyer Liqa tarixində ən məhsuldar legioneri adına 2 şərik var idi. Nasimov milliləşən serbiyalı Branimir Subaşiçlə eyni sayda – 31 qol vurmuşdu. AZAL-ın qapısına qol vuran digər legioner – braziliyalı Flavinyo da “Neftçi”nin ən məhsuldar 5 legioneri siyahısındadır.

Komandada 78-ci çempionat matçına çıxan cənubi amerikalı 27-ci qolunu vurmaqla 1 mövsümə 26 dəfə fərqlənən Kanalesi arxada qoyub. Paytaxt təmsilçisinin 5 ən məhsuldar legioneri siyahısında Nasimov, Subaşiç, Flavinyo və Kanalesdən başqa 29 qola imza atan Georgi Adamiya da var.

Qeyd edək ki, “Neftçi”nin çempionatda ən çox qol vuran futbolçusu Samir Ələkbərovdur – 99 qol.


DOSTLARINLA PAYLAŞ:

oyunlar