Azərreyl Çelenc kubokunun bir addımlığında
30 Mart 2011 Çərşənbə 10:59
Azərreyl Çelenc kubokunun bir addımlığında. Vüqar Əliyevin yetirmələri finalın ilk oyununda qələbə qazanıblar.
Voleybol üzrə Çelenc kuboku uğrunda yarışın Azərbaycan finalının ilk görüşü baş tutub. Qitə miqyaslı turnirin həlledici oyununda “Lokomotiv”lə “Azərreyl” münasibətlərinə aydınlıq gətirib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunmuş qarşılaşmanın ilk hissəsi “Lokomotiv”in üstünlüyü şəraitində keçib.

Bunun məntiqli nəticəsi kimi 1-ci set nominal meydan sahiblərinin 25-22 hesablı qələbəsi ilə yekunlaşıb. Vüqar Əliyevin yetirmələri bunun əvəzini ikinci hissədə çıxıblar. Texniki fasiləyə 16-13 hesabı ilə öndə yollanmış “Azərreyl” voleybolçuları bu üstünlüklərini setin sonuna kimi əldən verməyiblər - 25-20. Görüşün 3-cü hissəsi dramatikliyi ilə yadda qalıb.

Əvvəlcə 8-4 hesabı ilə önə çıxmış Draqutin Baltiçin yetirmələri daha sonra arxayınlaşıblar ki, “Azərreyl” də bundan maksimum yararlanıb - 25-16. Növbəti set “Lokomotiv” sarıdan son şans idi. Amma “dəmiryolçular” rəqibin 25 dəqiq zərbəsinə cəmi 22 dəfə cavab verə bilib və qarşılaşma “Azərreyl”in 3-1 hesablı zəfəri ilə başa çatıb. Bu komandalar arasında 2-ci final görüşü aprel ayının 2-də “Sərhədçi”də keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar