Azərreyl Bakıda yenildi
07 Yanvar 2010 Cümə Axşamı 22:55
Azərreyl Bakıda yenildi. "Əczaçıbaşı-Zentiva" ilə görüşdə qalib 5-ci setdə müəyyənləşib.
Yanvarın 7-də Bakının qadınlardan ibarət “Azərreyl” klubu Avropa Voleybol Konfederasiyası Kubokunun (CEV) səkkizdəbir final mərhələsi çərçivəsində Türkiyənin “Əczaçıbaşı-Zentiva” klubu ilə qarşılaşıb. Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən görüşün ilk iki hissəsini “Azerreyl” voleybolçuları eyni üstün hesabla başa vurub - 25:23.
Voleybolçularımız üçüncü setin ortalarında 6 xal fərqi ilə irəlidə olsalar da, bu üstünlüyü qoruyub saxlaya bilməyib. Qonaqlar meydan sahiblərinin müqavimətini qıraraq bu seti 25:21 hesabı ilə öz xeyirlərinə başa vurub.
Dördüncü hissəyə Türkiyə klubu daha fəal başlamyıb. Bunun nəticəsində ilk texniki fasiləyə də Türkiyə voleybolçuları 8:2 hesablı üstünlüklə yollanıb. Fasilədən sonra türkiyəli voleybolçular bu üstünlüyü qoruyaraq 25:10 hesabı ilə qalib gəlib.
Qalib 5-ci setdə müəyyənləşib. Gərgin keçən bu hissədə “Əczaçıbaşı-Zentiva” rəqibini 17:15 hesabı ilə məğlub edib. Beləliklə, oyun qonaq komandanın qələbəsi ilə başa çatıb – 3:2.
Bu komandalar arasında cavab görüşü yanvarın 13-də keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: